Çinin Xarici İşlər naziri Blinkenlə görüşəcək – Masada nələr var?
Oktyabrın 26-28-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi arasında danışıqlar keçiriləcək.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Vanq Yinin ABŞ lideri Co Baydenlə görüşüb-görüşməyəcəyi bəlli deyil:
“Amma müzakirələr masasında İsrail-HƏMAS müharibəsi ilə yanaşı, Ukrayna mövzusunun da olacağı bildirilir. Ötən günlərdə israilli həmkarı Eli Cohen və fələstinli həmkarı Riyad Maliki ilə telefon danışığı aparan Vanq Yi mövcud vəziyyəti “müharibə və sülh arasında böyük seçim” kimi qiymətləndirib. Hazırda Çin davam edən müharibədə vasitəçilik səyləri göstərir. Maraqlıdır ki, Çin rəsmisinin ABŞ-yə səfəri və ümumiyyətlə vasitəçilik prosesinə qoşulması İsrailin quru əməliyyatının keçirilməsi ilə bağlı tərəddüdünün gücləndiyi bir vaxta təsadüf edir”.
Ekspert bildirib ki, boş yerə vaxt və enerji sərf etməyi qəbul etməyən Çin böyük ehtimalla atəşkəsin mümkün olması barədə real dəlillərə malikdir:
“Çin İsrailin quru əməliyyatından imtina etməsi üçün diplomatik ağırlığını ortaya qoyacaq, şübhəsiz, buna nail olacaq. Deməli, İsrail getdikcə quru əməliyyatı keçirməkdən uzaqlaşdırılır. Quru əməliyyatı keçirmədiyi halda onun üzləşəcəyi təhlükələrdən xilas olması məsələsi isə sual altındadır. Çinin bu missiyasını üzərinə götürüb götürməyəcəyi bəlli deyil”.
Günay