Qərbdən ABŞ-yə İSMARIŞ: "Bu seçim həm İsrailə, həm də Ukraynaya xəyanətdir"

Qərbdən ABŞ-yə İSMARIŞ:

"Həmas terrorçuları İsrailə amansız hücumlara başlayanda Qərb dərhal və instinktiv şəkildə cavab verdi. Biz həmin terrorçuları məqsəd və üsullarının barbarlığına görə qınadıq. Bu gün də biz suları bulandıranların hamısına rəğmən onları qınayırıq".

 

Sfera.az xəbər verir ki bu fikirlər "The Guardian"ın Britaniyanın sabiq Baş naziri Boris Conson və kinorejissor və filosof Bernard Henri Levinin yazdıqları əsasında hazırladığı məqalədə bildirilib.

 

Məqaləni təqdim edirik:


"Biz onları qınayırıq, çünki mülki insanları öldürməyə və dəhşətə salmağa çalışanlarla mülki insanların həyatını xilas etməyə çalışanlar arasındakı fərqi görürük. 
İndi biz eyni dəyərlər və eyni ideallar uğrunda, eyni antidemokratik və terrorist qüvvələrə qarşı mübarizə aparırıq.
Biz demokratiya ilə avtokratiya, tiraniya ilə qanunun aliliyi arasındakı fərqi görürük.

 

Biz bilirik ki, israilli ailələrə hücum edən HƏMAS terrorçuları insan haqlarına, sivil dəyərlərə əhəmiyyət verməyən antidemokratik və qeyri-liberal qüvvələr koalisiyasının bir hissəsidir. Öz gündəmlərini bütün dünyada diqqətdə saxlamaq və bacardıqları yerdə Qərbin zəifliyindən istifadə etmək istəyirlər.

 

Beləliklə, "bu gün kəskinləşən qlobal mübarizədə indi seçim etməliyik" deyən ABŞ qanunvericiləri arasında qaldırılan səsləri eşitmək daha narahatedicidir. Kapitoli təpəsində iddia edənlər var ki, əgər biz İsrailin çoxsaylı düşmənlərinə qarşı daha çox kömək etmək istəyiriksə, hər şeyi yenidən nəzərdən keçirməli və ya Ukraynaya dəstəyimizi azaltmalıyıq.

 

Bu, faciəvi səhv olardı. Təkcə vətənləri üçün deyil, bütün dünyada azadlıq uğrunda mübarizə aparan ukraynalıların qəhrəmanlığını danmaq insafsızlıq olardı. Son on gündə İsraildə baş verən dəhşətli münaqişənin əslində Ukraynada son on ildə gedən döyüşlə eyni olduğunu başa düşməmək uğursuzluqdur.

 

Ukraynalılara Putinlə döyüşməkdə kömək etmək və İsrailə HƏMAS terrorçuları ilə mübarizədə kömək etmək arasında seçim ola bilməz .
Putinin Adviikadakı quldurlarına və ya Qəzzada cihadçı quldurlara baxanda eyni hidranın müxtəlif başlarına baxırıq.

 

Rusiyanın HƏMAS-ın 7 oktyabr vəhşiliklərini pisləməsi, yaxud Rusiya mediasının İsrailin Qəzzanı blokadada saxlaması ilə İkinci Dünya Müharibəsində nasistlərin Leninqradın mühasirəsi arasında müqayisələr aparması təəccüblü deyil.

 

Rusiya hökumətinin HƏMAS-ın iki ən mühüm qlobal sponsoru - İran və Suriya ilə belə yaxşı münasibətlər saxlaması təsadüfi deyil. Çünki Putin Rusiyası HƏMAS-la müharibə qanunlarına açıq-aşkar etinasızlıq nümayiş etdirir.

 

Biz Ukraynaya qarşı müharibədə görmüşük ki, Putinin orduları bilərəkdən mülki əhalinin sıx olduğu qatar stansiyalarına, teatrlara, kilsələrə, restoranlara atəş açır. Onlar hətta Kiyevdə Holokost qurbanlarının xatirəsinə ucaldılmış "Babi Yar" memorialına hücum ediblər (sanki yeni barbarlıqlarını, günahsız insanların həyatını itirməsinə soyuq biganəliyini simvolizə etmək üçün).

 

Putinin quldurları və HƏMAS terrorçuları mülki və hərbi hədəflər arasında heç bir fərq qoymamaq baxımından mənəvi cəhətdən eynidirlər və bu, təəccüblü deyil. Çünki onların məqsədləri həqiqətən eynidir - liberal demokratiyanı məhv etmək. Mariupolda öldürülən və ya oradan deportasiya edilən uşaqlar, Kfar Aza Kibbutzunda öldürülən uşaqlarla eyni barbarlığın qurbanlarıdır.

 

İndi bir qrup qurbana üstünlük vermək vaxtı deyil. Hər ikisi Qərbin himayəsinə layiqdirlər. Biz indi iki cəbhədə, eyni dəyərlər və eyni ideallar uğrunda, eyni antidemokratik və terrorist qüvvələrə qarşı mübarizə aparırıq.

 

Amerikalı dostlarımıza deyirik: biz İsrailin qorunmasına kömək, Ukraynanı isə xilas etməliyik. İkisi arasından birini seçmək hər ikisinə xəyanət olardı".

 

Tərcümə: Aynil Camal


OXŞAR XƏBƏRLƏR