Yeyinti məhsullarının idxalına çəkilən xərc azalıb – Müqayisə
2023-cü ildə Azərbaycanın yeyinti məhsullarının idxalına çəkdiyi xərc azalıb.
Sfera.az xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2023-cü ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon dollar, yəni 2,35 faiz azalıb.
Azalma nəticəsində yeyinti məhsullarının idxalı 1,614 milyard dollardan 1,576 milyard dolara düşüb.
Azalma bir neçə məhsul növü üzrə özünü göstərib. Daha çox fərq buğda idxalında müşahidə edilib. Ötən il buğda idxalına 262 milyon dollar xərclənmişdirsə, bu il çəkilən xərc 211 milyon dollara enib. Bu il idxal olunan buğdanın miqdarı daha çox olsa da çəkilən xərcin azalması buğdanın ucuzlaşması ilə bağlıdır.
Buğdadan başqa kərə yağı və tərəvəz idxalına çəkilən xərcdə də nəzərəçarpacaq azalma var.
Bu il xaricdən 67,2 milyon dollarlıq kərə yağı alınıb. Ötən il kərə yağına 81 milyon dollar xərclənmişdi. Kərə yağı idxalında 14 milyon dollar azalma qeydə alınıb.
Tərəvəz idxalı isə 164 milyon dollardan 153 milyon dollara enib. Tərəvəz idxalında fərq 11 milyon dollar təşkil edib.
Qeyd edək ki, yeyinti məhsullarının idxalına çəkilən xərcin azalması əsasən qiymət faktoru ilə bağlıdır. Çünki son bir ildə dünyada ərzaq məhsullarında 11 faizdən çox ucuzlaşma baş verib. Qiymətlərin enməsi xaricdən alınan ərzağa çəkilən xərci bir qədər azaldıb.
Vasif