Xalq artisti Tünzalə Ağayevanın doğum günüdür

Xalq artisti Tünzalə Ağayevanın doğum günüdür

Bu gün Xalq artisti Tünzalə Ağayeva doğum gününü qeyd edir. 

 

Sfera.az xəbər verir ki, sənətçi ad günü ilə bağlı foto paylaşaraq bu sözləri yazıb:

 

"48-ci yaşım, xeyirlə, uğurla gəl həyatıma. Dünyanın ən gözəl musiqisi olan Azərbaycan musiqisinin müasir inkişafına daha çox töhfələr verim, Ədəbiyyatımızın incilərinə yeni mahnılar bəstələyim və neçə gözəl layihələr edim. Sevənlərimə, hamıya can sağlığı, gözəl, maraqlı ömür diləyirəm".


Qeyd edək ki, məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Tovuz şəhərində anadan olmuşdur. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirmişdir. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri almışdır. O, 12 yaşında Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələmişdir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilmişdir.

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.

 

2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur.

 

2002-ci ildə o, Rusiya Federasiyasında keçirilmiş Türksoy - Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalında qalıb gəlib.2003-cü ildə isə Tünzalə Ağayeva Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısı olub.2006-cı ildə Tünzalə Ağayeva Azərbaycanın “Əməkdar Artisti” fəxri adına layiq görülüb.

 

2008-ci ildə Tünzalə Ağayeva tanınmış caz bəstəkarı, pianoçu və aranjimançı Cəmil Əmirovla birgə "Ölkəm" layihəsini həyata keçirib.2010-cu ildə “Qızıl Başlar” Gənclər Mədəniyyət Mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, Tünzalə Ağayeva Azərbaycanda "İlin ən vətənpərvər müğənnisi" seçilib.

 

2011-ci ildə o, respublikada gənc ictimai hərəkatlarında fəal iştirakına görə ən böyük ictimai birlik olan "İrəli" İctimai Birliyi tərəfindən xüsusi diploma layiq görülüb.

 

2012-ci ildə "İrəli" İctimai Birliyinin dəstəyi ilə Tünzalə Ağayeva "Anam Azərbaycan" adlı vətənpərvərlik mövzusunda əsərlərindən ("Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Biz gəlirik", "İgidlər", "Şəhidim", "Bizim zaman") ibarət albomunu çıxarıb. 

 

2012-ci ilin sentyabr ayında qardaş Türkiyədə “Avropa Qəzet işçilərinin dərnəyi” tərəfindən Tünzalə Ağayeva “İlin ən yaxşı sənətçisi” adına layiq görülüb.

 

Bu günə qədər o, bir sıra beynəlxalq musiqi festivallarında rəsmi qonaq qismində iştirak edib. Tünzalə Ağayeva “Azərbaycan Mədəniyyət Günləri” dövlət layihələri çərçivəsində Azərbaycanı xaricdə təmsil edib.

 

2014-cü ilin əvvəlindən Tünzalə Ağayeva Türkiyənin TRT televiziyasının dəvətilə TRT Müzik kanalında "Bir sesin cazibesi" adlı musiqi proqramını hazırlayıb və aparıcılığını edib.

 

"Bakı-2015" Avropa Oyunları üçün bəstələdiyi "Bakımın Üzü Gülür" adlı mahnısını Kelli Joyeslə birlikdə ifa edib. Eyni zamanda "Bakı 2015" Avropa Oyunlarının ulduz səfiri olub.

 

2015-ci ildə Autizm xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə xeyriyyə konserti verib.

 

2015–2016-cı illərdə AZTV kanalında keçirilən "Səs Azərbaycan" yarışmasının ustad münsiflərindən biri olub.2016-cı ildə Murad Arif və Səs Azərbaycan iştirakçıları ilə birlikdə Autizmli uşaqlara həsr olunmuş "Fərqliyəm" layihəsini təqdim edib.

 

2016-cı ildə Bakıda keçirilən "ЖАРА" Beynəlxalq festivalında səhnə alıb.

 

2016-cı ildə Formula 1 üçün bəstələdiyi "Sürət" adlı mahnını ifa edib. Eyni zamanda Formula 1 Avropa Qran Prisini təmsil edəcək ulduz səfirlərdən biri olub.



2017-ci ildə Bakı İslam Həmrəylik Oyunlarının ulduz səfiri seçilib, həmçinin Bakı İslam Həmrəylik Oyunları üçün bəstələdiyi "Salam Bakı" adlı mahnını ifa edib.

 

2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində çıxış edib.

 

2018-ci il tarixində Ümummili lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsini təqdim edib.

 

2018-ci ildə valideynlərə həsr etdiyi "Qoşa qanad" adlı mahnısının klipini təqdim edib.

 

2019-cu ildə Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş "Caz sülhün xidmətində" adlı konsertdə iştirak edib.

 

2019-cu ildə Belarusda keçirilən "II Avropa Oyunları" idman yarışının ulduz səfiri seçilib. Eyni zamanda Minskdə İkinci Avropa Oyunları çərçivəsində Azərbaycan Mədəniyyəti və Ənənələri Günündə konsert proqramı ilə çıxış edib.

 

21 oktyabr, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb.

 


Tünzalə Ağayeva hal-hazırda fank və blyuz elementləri ilə pop-cazz-xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir.

 


 T. Ağayevanın Fidan adlı bir qızı var.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR