İspaniyada eksperiment üçün 4 günlük iş həftəsinə keçiblər
İspaniyada Valensiya şəhəri dörd günlük iş həftəsi ilə bir ay davam edən təcrübəni başa vurub. Pilot layihə həm müsbət, həm də mənfi nəticələr göstərib.
Sfera.az bildirir ki, bütövlükdə Valensiyada təxminən 800.000 əhali var. Layihə 360.000 işçini əhatə edib.
Pilot proqram 4 günlük iş həftəsinin ispan işçilərinin sağlamlığına müsbət təsir etdiyini göstərib. Xüsusilə, bu, stress səviyyələrini azaltmağa kömək edib. Təcrübə insanlara uşaqları ilə daha çox vaxt keçirmək imkanı verib və şəhərdə yanacaq tullantılarında da azalma qeydə alınıb. İşçilər də həftə sonları daha aktiv idman etməyə və daha sağlam, evdə hazırlanan yeməklər yeməyə üstünlük veriblər.
Sağlamlıq və sosial elmlər üzrə ekspertlərdən ibarət komissiya müəyyən edib ki, yeni iş qrafiki insanların sağlamlığına müsbət təsir edib, onlar özlərini daha az yorğun, daha xoşbəxt və daha məmnun hiss ediblər. Həm də vaxtlarını hobbilərə ayırmağa, fotoqrafiya ilə məşğul olmağa və daha çox musiqi dinləməyə həsr ediblər.
Komissiya müəyyən edib ki, valideynlərin iş-həyat balansının yaxşılaşdırılmasından ən çox işçilərin uşaqları faydalanır.
4 günlük iş rejiminin mənfi tərəfləri arasında siqaret çəkənlər daha çox siqaret çəkməyə, spirtli içkiləri sevənlər isə daha çox içməyə başlamış olmasıdır.
O da qeyd olunur ki, turizm sektoru da uzun həftəsonundan faydalanıb, lakin pərakəndə satışçılar satışların azalmasından şikayətləniblər.
Xatırladaq ki, Almaniyada da 4 günlük iş həftəsinin faydalılığını müəyyən etmək məqsədi daşıyan layihəyə start verilib.
Aysel
Sfera.az