Böyük Qayıdış üçün büdcədən nə qədər vəsait ayrılacaq? - MƏBLƏĞ
İşğaldan azad edilən ərazilərə böyük qayıdışın birinci mərhələsinin təmin edilməsi üçün ümumilikdə 30,5 milyard manat vəsaitə ehtiyac var. Bu məbləğ 2023-cü ildə icraçı qurumlar tərəfindən aparılan yeni hesablamalara əsasında müəyyən edilib.
Sfera.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, nəzərdə tutulan vəsait 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf-mühitin tarazlı inkişafı üzrə müəyyən edilən hədəf göstəricilərinə uyğun olaraq xərclənəcək.
Rəsmi açıqlanan məlumatlardan aydın olur ki, bu vəsaitin böyük hissəsi Azərbaycanın dövlət büdcəsindən ayrılacaq. 2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədlə artıq 6,6 milyard manat məbləğində vəsait ayrılıb. Cari ilin dövlət büdcəsindən adıçəkilən Proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə isə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.
Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaqdır.
Vasif