“Əgər bu olmasa, məzunların əksəriyyəti ali diplomlu işsiz olacaq” – Ekspertdən HƏYƏCAN TƏBİLİ
Bildiyimiz kimi, artıq texnologiya dövrüdür və gün keçdikcə yeni iş sahələri yaranır, köhnələri isə sıradan çıxır. Buna görə də bir çox məzun təhsil aldığı ixtisas üzrə iş tapmaqda çətinlik çəkir.
Bəs ölkəmizdə ali təhsil müəssisələrini bitirənlərin işlə təmin olunması hansı səviyyədədir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkəmizdə məzunların öz ixtisasları üzrə işləmək faizi aşağıdır:
“İqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri müasir bilik, bacarıq və vərdişlərə malik yeni nəsil mütəxəssislərin hazırlanması və əmək bazarının tələblərinə uyğun kadr təminatıdır. Bu baxımdan kadr təminatı sistemində ali təhsil müəssisələrində bakalavr hazırlığı mühüm yer tutmalıdır.
Ali məktəblərin məzunlarının əmək bazarında işlə təminatı və müvafiq işə qəbul imtahanlarında uğur faizini araşdıranda ortaya çox zəif nəticələr çıxır.
Təhsil sahəsində aparılan islahatlar onun hüquqi təminatlar sisteminin müntəzəm olaraq təkmilləşdirilməsini zəruri edir. Bu qanunvericilik aktlarında universitetlərin məsuliyyətinə xüsusi diqqət yetirmək, akkreditasiya zamanı bu amilə önəm vermək lazımdır”.
Ekspert vurğulayıb ki, əgər yaxın 10 ilin əmək bazarı tədqiqatı aparılmasa, məzunların əksəriyyəti ali diplomlu işsiz olacaq:
“Hesab edirəm ki, hər tədris ili üzrə tələbə qəbulu başa çatdıqdan sonra Dövlət İmtahan Mərkəzi (DİM) və Elm və Təhsil Nazirliyinin müsabiqələri nəticəsində işə qəbul olmuş məzunlar haqqında məlumat DİM tərəfindən onların məzun olduqları ali təhsil müəssisələrinə təqdim edilməli, əmək bazarında tələb və təklif arasında balans yaradılmalı və tələbat olan ixtisaslara daha çox üstünlük verilməlidir.
Əmək bazarının tələblərinə uyğun olaraq, ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə plan yerləri artırılmalı, ali təhsil müəssisələrinə ödənişli əsaslarla tələbə qəbulu 50%-dən az olmalıdır.
Əgər yaxın 10 ilin əmək bazarı tədqiqatı aparılmasa, ali təhsilin keyfiyyəti artırılmasa və əmək bazarına uyğunlaşdırılmasa, həmin o 10 il ərzində məzun olanların əksəriyyəti əli diplomlu işsiz və ya fərqli sahədə əmək münasibətlərinin iştirakçısı olacaqdır”.
Firuzə Əliyeva