Azərbaycan ixracı 45 min ton artırıb - Ən çox satılan meyvələr

Azərbaycan ixracı 45 min ton artırıb - Ən çox satılan meyvələr

Azərbaycan meyvə ixracını bu il xeyli artırıb. 


Sfera.az xəbər verir ki, ötən ilin ilk 9 ayında 201 min ton meyvə satan Azərbaycan bu il ixracın miqdarını 246 min tona çatdırıb. İxracın miqdarında 22,4 faiz, yəni 45 min ton artım baş verib. 


Meyvə ixracının miqdarı ilə yanaşı ixracdan əldə edilən gəlir də artıb. Ötən ilin 9 ayında ixracdan 258 milyon dollar gəlir əldə edildiyi halda, bu il ixrac 300 milyon dollara çatıb. İxracdan əldə edilən gəlir 16,3 faiz və ya 42 milyon dollar artıb.


Bəs Azərbaycan ən çox hansı meyvələrdən ixrac edir?


Azərbaycan ən çox alma, albalı və gilas, şaftalı, xurma ixrac edib. İxrac edilən almanın miqdarı 54 min tondan, ixrac dəyəri isə 33 milyon dollardan çox olub.Albalı və gilasın ixrac miqdarı 40 min tona yaxın olub və ixracdan 45 milyon dollardan artıq gəlir əldə olunub. Şaftalının ixrac miqdarı 40 min tondan çox, ixrac dəyəri isə 47 milyon dollardan artıqdır. 


Ən çox ixrac etdiyimiz digər meyvə xurmadır. Xurmanın ixrac miqdarı 23 min ton, dəyəri 16,6 milyon dollar təşkil edib.İxrac miqdarına görə növbəti yerlərdə nar və armud gəlir. Onların hər birinin ixrac miqdarı 7-8 min ton olub. Nar ixracından 10 milyon ton, armuddan isə 6 milyon dollardan bir qədər çox gəlir əldə edilib. Miqdarına görə qoz-fındıq ixracı da çoxdur. Bu iki məhsulun satış miqdarı 16,4 min ton təşkil edib. 


Qoz-fındığın ixrac miqdarı alma və xurma ilə müqayisədə az olsa da, bu meyvələrin dəyərinin çox yüksək olması səbəbindən ixracdan əldə edilən gəlir çox olub. Qoz-fındıq satışından əldə edilən gəlir 9 ayda 81,5 milyon dollar olmaqla digər meyvələrdən daha çox gəlir gətirib. 


Vasif


OXŞAR XƏBƏRLƏR