Yurdlarından didərgin düşmüş qərbi azərbaycanlılar geri qayıdır? – Deputatdan AÇIQLAMA
BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistandan Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını tələb edib. Belə ki, İcma sözügedən paralel hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozması haqqında məlumat verib və Komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
Maraqlıdır, bu, Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addım ola bilərmi? Doğma yurdundan didərgin düşmüş soydaşlarımızın yaxın dövr ərzində Qərbi Azərbaycana qayıtması real görünür?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Elman Nəsirov Ermənistanın bütün imkanlarından istifadə edərək azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına mane olduğunu deyib. Parlamentari dövlət tərəfindən buna adekvat addımların atıldığını bildirib:
“Məlum olduğu kimi, cari ilin 25 sentyabrından oktyabr ayının 13-dək BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 74-cü sessiyası keçirildi və bu sessiya çərçivəsində iqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın tələblərinə uyğun olaraq dövlətlər hesabatlar təqdim etdilər. Azərbaycan da Ermənistanın bu Pakt çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsini irəli sürüb. Azərbaycan bildirdi ki, Ermənistan dövləti azərbaycanlılara qarşı deportasiya siyasəti həyata keçirib və bizim 250 mindən çox soydaşımız bu ərazilərdən qovulub. Oradakı bizim tarixi, mədəni, dini abidələrimiz dağıdılıb və azərbaycanlıların öz tarixi torpaqlarına geri dönüş hüququ var. Azərbaycanın öz torpaqlarına inteqrasiya olunmaq hüququ var və onun təmin edilməsi əsas tələbdir. Amma Ermənistan hökuməti hər vəchlə çalışır ki, bu baş verməsin. Azərbaycan bütün beynəlxalq platformalardan istifadə edir ki, Ermənistandan zorla qovulmuş, orada təzyiq altında qoyulmuş soydaşlarımızın hüquqları təmin edilsin”.
Millət vəkili Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışının təmin olunacağını qeyd edib:
“Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini qiymətləndirilməlidir və eyni zamanda gələcəkdə bu istiqamətdə Azərbaycan müvafiq olaraq digər addımları da ata bilər. Söhbət dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələlərinə kimi geniş spektrli məsələləri özündə ehtiva edir və sevindirici haldır ki, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Azərbaycanın bu tələbini müsbət qiymətləndirib və Azərbaycanın bu tələbinin haqlı olduğunu ifadə edib. Bu reallıqda Qərbi Azərbaycan icması öz tələblərinin yerinə yetirilməsi istiqamətində BMT və digər müstəvilərdə fəaliyyətini davam etdirəcək. Etnik təmizləməyə məruz qalmış soydaşlarımızın öz tarixi vətənlərinə - Qərbi Azərbaycana qayıdışının təmin edilməsinə qədər addımlar atılacaq”.
Əzizə Zeynal