“Azərbaycan MDB dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir”

“Azərbaycan MDB dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir”

“Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan MDB-nin işində hər zaman yaxından iştirak etməkdə maraqlı olub. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. 14 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyev də iştirak etdiyi Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra qərarlar qəbul edilib. MDB Dövlət Başçıları Şurası həmçinin 2023-2025-ci illər üçün Terrorizm və Ekstremizmlə Mübarizə üzrə Əməkdaşlıq Proqramını təsdiqləyib.

 

Dünyada çətin və mürəkkəb proseslər gedir və günü-gündən yeni gərginlik ocaqları yaranır. Bu baxımdan birlik ölkələrinin dünyada təhdid yaradan məsələlərdə birgə əməkdaşlıq etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu barədə cənab Prezident İlham Əliyev də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı deyib: “Təhdidlər artır və yeni qeyri-sabitlik ocaqları yaranır. … Ölkələrimizin yerləşdiyi regionlarda xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir…”. Azərbaycanın regionda sabitliyin bərqərar olmasında maraqlı tərəf olması onun MDB iştirakçı-dövlətləri ilə qarşılıqlı əməkdaşlığında mühüm amildir”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat bildirib ki, Azərbaycan tarixi torpaqları üzərində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ölkəmizə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışan dövlətlər var. Bunların başında isə ilk növbədə Fransa dayanır. Təəccüblüdür ki, Azərbaycanı uydurma “etnik təmizləmə” də günahlandıran ölkələrin nə regionun tarixindən, etnik tərkibindən heç bir xəbəri yoxdur. Fakt ondan ibarətdir ki, Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edilmişdir. Azərbaycan xalqına qarşı etnik təmizləmə həyata keçirilmiş, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmışdır. 2020-ci ilə qədər Azərbaycan öz tarixi torpaqlarını həbir-siyasi yolla işğaldan azad edənə qədər də bu işğal və vandalizm siyasəti davam etmişdir. Münaqişəni həll etməkdə mandatı olan ölkələr isə müxtəlif yollarla bu işğalı legitimləşdirməyə, status-kvonu saxlamağa çalışmışdır.

 

Millət vəkili T.Cəfərova qeyd edib ki, Azərbaycan bütün vasitələrlə keçmiş münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışmışdı. ATƏT-in 30 il ərzində hər hansı müsbət nəticə əldə edə bilmədiyi məsələni Azərbaycan hərbi-siyasi yolla 44 gün ərzində həll etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bərabər, beynəlxalq hüququ da bərpa etdi. Keçmiş münaqişənin tarixinə bir daha nəzər saldıqda deyə bilərik ki, problemin həllində məsuliyyət daşıyan qurumların fəaliyyəti bu müddət ərzində tamamilə səmərəsiz olmuşdur. BMT Təhlükəsizlik Şurasının Ermənistanın qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı müvafiq qətnamələrinin kağız üzərində qalmış olması bunun əyani sübutudur. Bu isə onu deməyə əsas verir ki. beynəlxalq təsisatlar öz fəaliyyətlərində dəyişikliklərə getməlidirlər. Əks halda bu onların beynəlxalq münasibətlərdəki nüfuzuna ciddi xələl gətirir.

 

Maraqlıdır ki, Azərbaycan proseslərdə bütün təşəbbüskarlığı öz üzərinə götürdükdən sonra bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik etməyə can atırlar. Əlbəttə, Azərbaycan qərəzsiz və birtərəfli siyasi münasibət daşımayan bütün cəhdləri qəbul edə bilər. Hazırda isə Qarabağ iqtisadi rayonunda erməni sakinlərin reinteqrasiya prosesi uğurla davam edir. Prosesin həyata keçirilməsi ilə bağlı Azərbaycan öz planını dərc etmişdir, hətda bu plan internetdə də mövcuddur.

 

Fransa kimi ölkələr öz riyakar və separatist mövqelərini bir kənara qoyub, Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesinə mane olmağa çalışmasalar, regionda tezliklə sabitlik və əmin-amanlıq bərqərar ola bilər. Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyisadəcə gülüş doğurur.  Azərbaycanın ünvanına səslənən çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub.

 

Fransa kimi Ermənistanın havadarı olan dövlətlər və təşkilatlar öz riyakar və seperatçı siyasətlərini bir kənara qoymalı və Cənubi Qafqazdan qanlı əllərini çəkməlidirlər. Cənab Prezidentin də dediyi kimi “ Bütün oyunlara son qoyulmalıdır və sülh sazişi imzalanmalıdır. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir…”. Ermənistan başqalarının oyununda oyuncaq olmağı bir kənara qoyub, konstruktiv yanaşma nümayiş etdirərsə, beynəlxalq münasibətlər sistemində özünə aid bir yer tuta bilər. Bu cür destruktiv yanaşma Ermənistanı sadəcə daha böyük bir böhrana doğru aparır. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

Azərbaycanda avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib.   Sfera.az-a&nb...

Rusiyanın neft və qaz gəlirləri 14 faiz azalacaq - SƏBƏB

Rusiya hökuməti neft və qaz gəlirlərinin növbəti üç il ərzində 14 faiz azalacağını proqnozlaşdırır.   Sfera.az “Bloomberg”ə istinadən xə...

Bu vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müda...

Bakıda narkokuryerlər SAXLANILDI

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.  ...

Pensiya və maaş ilə yanaşı, digər hansı ödənişlər artırıla bilər? - AÇIQLAMA

Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiə...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. &...