HƏMAS-ın hakimiyyətinə son qoyulacaq – İsrail 18 ildən sonra Qəzzaya qayıdır
İsraillə HƏMAS arasında baş verən müharibə özünün təbii sonluğu ilə nəticələnə bilər.
Sfera.az xəbər verir ki, İsrail xüsusi təyinatlıları artıq qurudan Qəzza zolağına daxil olub və əməliyyatlar böyük ehtimalla bütün region nəzarətə alınana, HƏMAS-ın buradakı hakimiyyətinə son qoyulana qədər davam etdiriləcək. Bu əməliyyatların yekununda Qəzza zolağı 18 il əvvəl olduğu kimi İsrailin tam nəzarətinə keçəcək.
Regionda nə baş verdiyini anlamaq üçün bir qədər tarixi vərəqləmək lazımdır.
1948-ci ildə İsrail dövlətinin yaradılmasından və ardınca Ərəb-İsrail müharibələrinin baş verməsindən sonra Fələstin dövləti qurudan bir-biri ilə əlaqəsi olmayan iki hissəyə ayrıldı. Hissələrdən böyüyü sahəsi 5860 kvadrat kilometr olan İordan çayının qərb sahili, kiçiyi isə sahəsi 365 kvadrat kilometr olan Qəzza zolağı adlandı.
Qəzza zolağının ən uzun hissəsi 41 km, eni isə 6-12 km-dir. Zolaq qurudan İsrail və Misirlə, dənizdən Aralıq dənizi ilə əhatə olunub.
1948-ci ildə İsral dövləti elan edildikdən sonra ərəblərlə yəhudilər arasında hərbi toqquşmalar baş verdi. Bu toqquşmalar nəticəsində Misir Qəzza zolağını nəzarətə götürdü. Qəzza zolağının sərhədləri ilk dəfə Ərəb-İsrail müharibəsindən sonra, 24 fevral 1949-cu ildə bağlanan İsrail-Misir atəşkəs razılaşması ilə müəyyən edildi.
Misir 1967-ci ilə qədər, yəni təxminən 18 il buranı idarə etdi. 1967-ci ildə baş verən və tarixdə “altıgünlük müharibə” kimi qalan növbəti Ərəb-İsrail müharibəsindən sonra Qəzza bölgəsi İsrailin nəzarəti altına keçdi və 2005-ci ilə qədər bu ərazini İsrail idarə etdi.
2005-ci ilə qədər isə Oslo Sazişi imzalandı və İsrail dövləti Fələstin Administrasiyasını Fələstin əhalisinin ərazilərini idarə edən inzibati orqan kimi tanıyaraq Qəzza üzərində olan haqlarını tədricən Fələstinə verdi. İsrail yalnız hava məkanına, ərazi sularına və sərhəd keçid məntəqələrinə nəzarəti saxladı. 2005-ci ildə isə İsrail Qəzza zolağından birtərəfli ayrılma planına uyğun olaraq geri çəkildi.
Israilin Qəzza zolağından ayrılmasından sonra 2007-ci ildə hakimiyyət HƏMAS-ın əlinə keçdi və hələ də Qəzza zolağını HƏMAS-ın hərbi birləşmələri idarə edir.
Hərbi birləşmələrin hakimiyyətdə olduğu son 15 ildə HƏMAS-la İsrail arasında bir neçə kiçik qarşıdurma baş verib. Son yaşananlar isə göstərir ki, budəfəki qarşıdurma fərqlidir və yəqin ki, regionda vəziyyətin köklü surətdə dəyişməsi ilə nəticələnəcək. Böyük ehtimalla Qəzza zolağı növbəti dəfə “əl dəyişdirəcək”.
İsrail artıq anlayıb ki, 18 il öncə Qəzza zolağından çıxması səhv idi və bu ərazilərdə tam nəzarətin bərpası vacibdir, yalnız bu yolla zolaqda nizam-intizam yaratmaq, buranı terror qruplarından təmizləmək olar.
Buna görə də böyük ehtimalla yaxın bir neçə gündə İsrail qurudan hərəkət edərək Qəza zolağına daxil olacaq və HƏMAS-ı buradan tam sıxışdırıb çıxaracaq.
Vasif