\"Bu ermənilər nəzarət altında saxlanılmalıdırlar, çünki...\" - Politoloqdan MÜHÜM AÇIQLAMA
“Erməni separatçılarının Qarabağda bütün silahları təhvil verməsinə şübhə edirəm”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
“Erməni separatçıları Qarabağda bütün silahları təhvil veriblərmi? Şübhə edirəm. Yüngül çaplı silahların bir qismini meşələrdə əvvəlcədən özləri üçün müəyyənləşdirdikləri yerlərdə qazıb gizlədə bilərdilər. Çünki separatçılar təslim olub Azərbaycan ərazisini tərk etsələr də, gələcəkdə yenidən geri qayıdıb silahlı mübarizə ilə bağlı planlar qura bilərlər. Bəziləri hətta “Azərbaycan vətəndaşlığını qəbul edirəm” adı altında geri dönüb sonrakı illər üçün çirkin planlarını həyata keçirə bilərlər.
Politoloq bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə nəzarət olunmalıdır:
“Bu səbəbdən geri qayıtmaq istəyən ermənilər nəzarət altında olmalıdırlar. Qarabağ meşələrində gizlənən separatçılar da ola bilər. Ərazi kiçik deyil, separatçılar Azərbaycanı tərk etmədən əvvəl içərilərindən bir qrupunu meşələrdə yerləşdirə bilərdilər.
Antiterror əməliyyatından sonra hərbçilərimizə arxadan atəş açanlar olub. Bu ehtimalları gözardı edə bilmərik. Kremlin Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini yubatmaq istəklərindən biri də meşələrdə erməni separatçıların varlığı ola bilər”.
Firuzə Əliyeva