“İki ildir, bu hücuma hazırlaşırdıq” – HƏMAS silahları necə əldə edib?
HƏMAS-ın müharibədə istifadə etdiyi silahlar çoxlarının maraq və təəccübünə səbəb olub.
Sfera.az bildirir ki, “CNN” telekanalı bu mövzuda diqqətçəkən təhlil yayımlayıb. ABŞ və İsrail HƏMAS hücumunun arxasında İranın olduğuna dair heç bir dəlil tapa bilməsələr də, telekanal bəzi iddialar irəli sürüb. Belə ki, “CNN”in məlumatına görə, İran HƏMAS-ın ən mühüm hərbi dəstəkçisidir və gizli sərhəd tunelləri və qayıqlar vasitəsilə bölgəyə silahlar göndərir.
ABŞ Hərbi Hava Qüvvələri üçün Yaxın Şərq məsələlərinə dair təhlillər hazırlayan Aaron Pilkinqton hücumun miqyasına diqqət çəkib və qeyd edib ki, HƏMAS uzun müddətdir qaçaqmalçılıq yolu ilə öz arsenalını inkişaf etdirib. HƏMAS-ın yüksək rütbəli rəsmisi Əli Barakə də bu iddianı təsdiqləyən açıqlamalar verərək, sözügedən hücuma 2 ildir hazırlaşdıqlarını bildirib:
“Bizim 250 km, 160 km, 80 km və 10 km mənzilli raketlər üçün yerli zavodlarımız var. Eyni zamanda “Kalaşnikov” (tüfəng) və onların güllələri üçün fabriklərimiz mövcuddur. Güllələri ruslardan aldığımız icazə ilə istehsal edirik. Bunları Qəzzada emal edirik”, deyə o, “RTArabic”ə müsahibəsində deyib.
“The Telegraph” qəzeti isə böyük hücumdan bir neçə ay əvvəl HƏMAS-a milyonlarla dollar dəyərində kripto valyuta göndərildiyini iddia edib. Analitiklərin fikrincə, 2023-cü ilin birinci yarısında HƏMAS-ın nəzarətində olan kriptovalyuta hesablarına 134 milyon dollardan çox vəsait köçürülüb. “Wall Street Journal”ın açıqladığı rəqəmlərə görə, HƏMAS son 18 ayda təxminən 41 milyon dollar kriptovalyuta toplayıb.
Günay