Azərbaycan iqtisadiyyatının dəyəri 7,4 milyard manat kiçilib
Bu il Azərbaycan iqtisadiyyatının nominal (bazar qiymətləri ilə - red.) dəyəri 7,38 milyard manat kiçilib.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 98,194 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edildiyi halda bu ilin eyni dövründə 90,81 milyard manat dəyərində ÜDM istehsal edilib. ÜDM-in dəyərində 7,5 faizdən çox kiçilmə qeydə alınıb.
İqtisadiyyatın nominal dəyərinin kiçilməsi neft-qaz sektoru ilə bağlı olub. Bu il həm neft istehsalının azalması, həm də ötən illə müqayisədə neft və qaz qiymətlərinin aşağı düşməsi sənayenin mədənçıxarma bölməsində dəyərin kiçilməsinə səbəb olub. Azərbaycan iqtisadiyyatında neft-qaz sənayesinin payı çox böyük olduğundan burada baş verən kiçilmə ümumən iqtisadiyyatın dəyərinin azalması ilə nəticələnib.
Bunu rəqəmlər də təsdiqləyir. Ötən ilin ilk 9 ayında mədənçıxarma sənayesində yaradılan dəyər 45,1 milyard manat olmuşdu. Amma bu ilin eyni dövründə mədənçıxarma sənayesində istehsalın dəyəri 31,55 milyard manata düşüb, yəni 13,55 milyard manat azalıb.
Bu qədər azalma iqtisadiyyatın digər sahələrindəki artıma baxmayaraq, ümumi iqtisadi dəyərin kiçilməsinə səbəb olub.
2023-cü ildə neft-qaz sektorundan başqa nəqliyyat və anbar təsərrüfatında qismən kiçilmə (473 milyon manat) var.
İqtisadiyyatın qalan sahələrində yaradılan dəyər isə artıb. Daha çox artım vergilərdə (1,25 milyard manat), ticarət və nəqliyyat vasitələrinin təmirində (1,1 milyard manat), tikintidə (629 milyon manat), kənd təsərrüfatında (623 milyon manat) qeydə alınıb.
Vasif