İsrail tarixin ən məşhur xilasetmə əməliyyatını həyata keçirməyə hazırlaşır
1976-cı ildə Uqanda hava limanında sərnişinləri xilas etməklə məşhur olan İsrailin Xüsusi Girov Xilasetmə qrupu insanları Həmas əsirliyindən xilas etməyə hazırlaşır.
Sfera.az bildirir ki, İsrail xüsusi təyinatlıları 1976-cı ildə fələstinli yaraqlılar tərəfindən qaçırılan təyyarənin göyərtəsində olan 100 soydaşını xilas etmə planını təkrarlamağı planlaşdırır.
Qeyd edək ki, ötən həftə sonu Həmas terrorçuları 150-yə yaxın israillini Qəzza zolağına daşıyıb.
Fələstinlilər İsrail hərbçiləri xəbərdarlıq etmədən mülki hədəfləri bombalayarkən hər dəfə bir girovu edam edəcəklərinə söz veriblər. Amma onların bu vədi yerinə yetirib-yetirmədikləri hələ məlum deyil.
Sayeret Matkal - Baş Qərargahın girovların xilas edilməsi və kəşfiyyat əməliyyatları üzrə ixtisaslaşan kəşfiyyat bölməsidir. Onun veteranları arasında İsrailin bir neçə baş naziri də var. Lakin nüfuzuna baxmayaraq, Qəzza zolağından insanları xilas etmək missiyası hələ də ən çətini olaraq qalır.
Fələstin ərazisində İDF üçün çoxlu tələlər qurulub. Bundan əlavə, Qəzza şəhəri HƏMAS silahlıları tərəfindən müdafiə olunur və çox sıx məskunlaşıb.
Sahil zolağında 223 kv. km-də təxminən iki milyon insan yaşayır, bu ərazi bir tərəfdən Misirlə, digər tərəfdən isə Aralıq dənizi ilə həmsərhəddir. Yəni İsrail qüvvələri bu anklava daxil olarsa, HƏMAS silahlıları kütləyə qarışa biləcəklər. Orada girov tapmaq da çətin olacaq.
Sayeret Matkal YAMAM ilə birgə fəaliyyət göstərəcək. ABŞ İsrail bölmələrinə kəşfiyyat dəstəyi verəcək və Navy SEAL-ləri döyüş hazırlığına gətirəcək.
İsrailin xüsusi əməliyyatları üzrə ekspert Aaron Koen: “İsrail terrorla mübarizə əməliyyatlarını təkmilləşdirib. Bu bölmələr kəşfiyyat məlumatları toplayır, Mossad və Şin Bet ilə sıx əməkdaşlıq edir, lakin belə missiyalar son dərəcə təhlükəlidir”- deyə bildirib.
Xatırladaq ki, İsrailin müdafiə naziri Qəzzanı “çadır şəhərciyi”nə çevirəcəyinə söz verib və genişmiqyaslı quru əməliyyatı hazırlayır.
Aysel
Sfera.az