"Bu il 2,36 milyard manat çox vergi toplanıb" - Nazir
2023-cü ilin yanvar-sentyabr ayları ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 12 milyard 811 milyon manata çatıb. Bu məbləğ ötən ilin ilk 9 ayındakı məbləğlə müqayisədə 22,6 faiz çoxdur.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.
Nazirin açıqladığı məlumatdan aydın olur ki, bu il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2,362 milyard manat artıb. Cari ildə qeyri neft-qaz sektorundan vergi daxilolmalarında artım da böyük olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri neft-qaz sektorundan toplanan verginin məbləği 19,3% artaraq 7 milyard 426 milyon manata çatıb. Qeyri neft-qaz sektorundan toplanan vergilərdə 1,2 milyard manatlıq artım qeydə alınıb.
Nazir qeyd edib ki, vergi daxilolmalarında müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyət davamlı olacaq.
Vasif