Qrip və soyuqdəymədən necə qorunmalı? – İnfeksionistdən MƏSLƏHƏT
"Göydən xəstəlik yağır"- havalar soyumağa başlayan kimi bu ifadə də aktuallaşır. Ətrafa baxdıqda bir çox insan ya öskürür, ya boğazı ağrıyır, ya da asqırır. Bütn bu simptomlar eyni zamanda yorğunluqla da müşayiət olunur. Belə olan halda ağla gələn ilk xəstəlik isə qripdir.
Bəs bu xəstəlikdən necə qorunmaq olar? Müalicə hansı şəkildə aparılmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən infeksionist Aydın Cəfərov soyuqdəymə zamanı insanların ilk olaraq antibiotiklərə müraciət etdiyini, bunun isə tamamilə yanlış seçim olduğunu deyib:
"Payız və qış aylarında qripə yoluxan, yaxud el arasında "soyuqdəymə" kimi qiymətləndirilən xəstəlikləri daşıyan 100 xəstədən orta hesabla 80 nəfərinin antibiotik qəbul etməsinə ehtiyac duyulmur. Çünki inkişaf edən tənəffüs yolu infeksiyalarının 80 faizini viruslar, qalan hissəsini isə bakteriyalar törədir. Antibiotiklər isə yalnız bakteriyaların yaratdığı yoluxucu xəstəliklərin müalicəsində istifadə olunur. Virus bakteriya deyil, antibiotik bakteriyaya təsir göstərir. Belə xəstəlik zamanı antibiotik kömək etmədiyi kimi, tromb əmələgəlmə riski yüksək olan xəstələrdə o, tromb yaratmaq təhlükəsin yarada bilər.
Havalar soyuyan kimi ən çox rast gəlinən sağlıq problemlərinin başında boğaz ağrısı dayanır. Bir çox növ və sayda virusun səbəb olduğu soyuqdəymələrdə quru öskürək, burun axması, boğaz ağrısı, yaxud da bəzən yüngül qızdırma müşahidə olunur. Buna görə istənilən şəxs soyuq havalarda müxtəlif virus və alt tipi ilə qarşılaşa və bu xəstəliklərə bir dəfədən çox yoluxa bilir. Risk qrupuna aid olmayan insanlarda soyuqdəymə və qrip 5-7 gün ərzində öz-özünə sağalır. Bundan başqa istirahət, qidalanma və kifayət qədər maye qəbulu mütləqdir. C vitamini zəngin idaları qəbul etməyi xüsusilə tövsiyə edirik. Lakin heç şübhəsiz ki, ağırlaşmalar olduğu təqdirə həkimə müraciət etmək mütləqdir. Müalicənin ilk 48 saatında antiviral dərmanlar həkim nəzarəti altında istifadə olunur. Unutmaq olmaz ki, bu antiviral dərmanların antibiotiklər kimi şüursuz istifadəsi də müqavimətə səbəb ola bilər".
Mütəxəssis təbii yollarla infeksion xətəliklərdən qorunmağın yollarından danışıb:
"Qrip bədən müqaviməti aşağı olan insanlarda daha asan yayılır. Bədənin ehtiyac duyduğu zülal, yağ, karbohidrat və vitaminlər kifayət qədər alınmazsa, bədənin müqaviməti azalır və tənəffüs orqanları bu vəziyyətdən təsirlənir. Sarımsaq, alma sirkəsi və zəncəfil kimi qidaları qəbul edərək orqanizminizi mikroblardan qoruya bilərsiniz. Tənəffüs yollarının selikli qişasının hüceyrələrinin nəmliyi virus daşıyan damcıların təsirinə qarşı müqaviməti təmin edir. Soyuq havalarda su içmək çətin olsa da, bunu vərdiş halına gətirmək və hər mövsüm gündə 8-10 stəkan su içmək faydalıdır. Su bədəndən zəhərli maddələri çıxarmağa kömək edir və insanı mikroblardan qoruyur. Qripdən qorunmaq üçün idman da çox vacibdir. Həftədə 3 gün, gündə ən az yarım saat idman etmək faydalıdır. Yüngül gəzintilər bədən müqavimətini artırmağa kömək edir. Onu da bildirim ki, mikroblar daha çox əllərimizdə olur. Ofis və ya küçə kimi insanların sıx olduğu yerlərdə olduqdan sonra mütləq əllərimizi yumalı və mümkünsə əlləri dezinfeksiyaedici vasitə ilə dezinfeksiya etməliyik".
Əzizə