Rusiyanın sülhməramlılarla bağlı planı nədir? – Açıqlama
Ötən gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazır olduğunu deyib.
“İki ölkənin suverenliyi baxımından dinc həyat qurmağın, etimadın yaradılmasının vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti bu istiqamətdə hər cür töhfə verməyə hazırdır”, deyə Lavrov bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə son müsahibəsində deyib ki, Rusiya hərbi kontingentinin Qarabağı tərk edəcəyi təqdirdə Ermənistana yox, ölkəsinə getməli olduğunu bildirib.
Maraqlıdır, Rusiyanın sülhməramlılarla bağlı planı nədir?
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Rusiya sülhməramlılarını Qarabağda saxlamaq məqsədilə tərəflər arasında münasibətlərin normallaşmasına xidmət adı altında yeni “missiya” ortaya atır:
“Artıq Qarabağ məsələsi həm hüquqi, həm de-fakto olaraq Azərbaycan-Ermənistan danışıqlarından çıxıb. Bu baxımdan, sülhməramlılar Qarabağda qaldığı müddətdə bölgəyə heç bir “töhfə” verə bilməz, əksinə bu, Bakı ilə münasibətlərin gərginləşməsini vəd edir. Fikrimcə, Rusiya Qarabağda qalma perspektivi çətinləşən sülhməramlı qüvvələrini bizim ərazimizdən çıxaracağı təqdirdə, bölgədə saxlamaq niyyətindədir”.
Ekspert bildirib ki, Qarabağın Moskva üçün Bakı və İrəvanı öz orbiti ətrafında saxlamaq imkanları azalıb:
“Ruslara Azərbaycan və Ermənistan arasında yeni platforma lazımdır. İstisna deyil ki, sülhməramlı kontingenti həmin platformaya köçürmək planları var. Lakin bu platforma hara olacaq, sülhməramlılar iki ölkənin sərhədində dayana bilərmi, yaxud anklavların qaytarılacağı təqdirdə, bu ərazilərə çıxış üçün verilməli olan kiçik dəhlizlərmi seçiləcək? Açıq qalan suallar var”.
Günay