Yüksək inflyasiya maaş və pensiyalardakı artımı \"yeyib\" – MÜQAYİSƏ
Azərbaycanda 2021-ci ildən müşahidə edilən yüksək inflyasiya maaş və pensiyalardakı artımı demək olar ki, sıfırlayıb.
Sfera.az xəbər verir ki, ölkəmizdə yüksək inflyasiyanın olması pulun alıcılıq qabiliyyətini xeyli dərəcədə zəiflədib. 2021-ci ildə 6,7 faiz, 2022-ci ildə 13,9 faiz, 2023-cü ilin yanvar-avqust aylarında isə 11,7 faiz inflyasiyanın baş verməsi pulun alıcılıq qabiliyyətinin ümumilikdə 35,7 faiz azalmasına səbəb olub.
Hazırda insanlar 2021-ci ilin əvvəli ilə müqayisədə eyni mal və xidmətlərin alınmasına 35,7 faiz, yəni hər 100 manatlıq məhsula 35,7 manat çox pul xərcləyir. Bahalaşma hesabına xərclərin bu dərəcədə artması maaş və pensiyalardakı real artımı xeyli azaldıb.
Rəsmi məlumatlara əsasən, Azərbaycanda 2021-ci ilin əvvəlində minimum əməkhaqqı 250 manat idi. Hazırda minimum maaş 345 manat təşkil edir. Nominal məbləğlə hesablandıqda minimum maaş qeyd edilən müddətdə 38 faiz artıb. Amma inflyasiyanı da nəzərə aldıqda məlum olur ki, real artım cəmi 2,3 faiz olub.
Daha pis vəziyyət orta əməkhaqqı artımında müşahidə edilib. 2021-ci ilin əvvəlində 707,3 manat olan orta maaş indi 925,3 manatdır. Müqayisə edilən dövrdə orta əməkhaqqı 31 faiz artıb. Ancaq real göstəricilərlə müqayisədə orta əməkhaqqının 4,7 faiz azaldığını görürük.
Minimum pensiyalarda da real artım çox azdır. 2021-2023-cü illərdə minimum pensiya məbləği 40 faiz artaraq 280 manata çatıb. Real göstəricilərlə minimum pensiyaların 4,3 faiz artdığını görürük.
Aparılan müqayisələr yüksək inflyasiyanın maaş və pensiyaların alıcılıq qabiliyyətinə necə təsir etdiyini nümayiş etdirir. Azərbaycanda hökumət inflyasiya təsirlərini azaltmaq üçün ötən müddətdə maaş və pensiyaları daha çox artıra bilərdi. Əslində dövlət büdcəsində bunun üçün maliyyə imkanları da var idi. Lakin maaş və pensiyalardakı artım inflyasiyanı bir qədər də gücləndirdiyindən hökumət yüksək inflyasiya şəraitində maaş və pensiya artımını mümkün qədər minimum səviyyədə həyata keçirdi.
Böyük ehtimalla maaş və pensiyalarda daha böyük artım inflyasiya səviyyəsinin nəzərdə tutulan həddə enməsindən sonra baş verəcək. 2023-cü ilin sonunda 12 aylıq inflyasiya 10 faizə, hətta bir qədər də aşağı düşə bilər. 2024-cü ildə isə inflyasiyanın 5-6 faiz olacağı təxmin edilir. Bu proqnozlar çərçivəsində hökumətin minimum maaş və minimum pensiyalarda yeni artımlara getmə ehtimalı yüksəkdir. Aşağı infilyasiya şəraitində maaş və pensiyaların artırılması bu növ gəlirlərin real alıcılıq qabiliyyətini də artıracaq.
Vasif