İsrail və Fələstin Ərdoğanın vasitəçilik təklifini qəbul edəcəkmi? – Tofiq Zülfüqarovun ŞƏRHİ
Türkiyə İsrail və Fələstin arasındakı silahlı münaqişəyə son qoymaq üçün vasitəçilik təklif edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib ki, məhbusların mübadiləsi və qarşıdurmanın dayandırılması üçün istənilən vasitəçiliyə hazırdırlar.
Maraqlıdır, tərəflər vasitəçilik təklifini qəbul edəcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İsrailin HƏMAS-la müəyyən kontaktlar qura biləcəyini deyib:
"Məlum məsələdir ki, ortada terror aktı həyata keçirən hansısa qurumlar var. Mülki insanları girov götürmək, silahsız insanları öldürmək, heç şübhəsiz ki, terror aktıdır. İndiki mərhələdə İsrail məcburdur ki, bu terror şəbəkəsini məhv etsin. İsrail vətəndaşlarının girov saxlanılması məsələsini nəzərə alsaq, HƏMAS-la müəyyən texniki kontaktların qurulması mümkün ola bilər. Çünki həmin insanların həyatı müzakirə mövzusudur".
T.Zülfüqarov Azərbaycanın da tərəflər arasında vasitəçilik edə biləcəyini diqqətə çatdırıb:
"Türkiyənin mövqeyi BMT-nin qətnaməsi əsasında olan bir mövqedir. Belə bir mövqeni Azərbaycan da sərgiləyə, tərəflər arasında danışıqlarda vasitəçi ola bilər. Lakin indi İsrail hökumətinin içərisində müəyyən qüvvələr var ki, qarşıdurma yaradırlar. İstənilən halda hesab edirəm ki, Türkiyənin sülhməramlı niyyətinin gerçəkləşməsi hər iki tərəf üçün vacibdir".
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.
Əzizə Zeynal