İsrail İrana zərbələr endirə bilərmi? - Açıqlama
Ötən gün İsrail-Livan arasında hərbi toqquşma başladığı barədə məlumat yayıldı. Hazırda sözügedən ölkə təkcə HƏMAS-la yox, Livanda Hizbullahla da qarşıdurmadadır.
Baş verən hadisələr fonunda İran da münaqişəyə cəlb edilə bilərmi?
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, İran arxa fonda İran HƏMAS-ın silah-sursat və digər ehtiyaclarını qarşılayır:
“HƏMAS liderləri hücumdan öncə, ötən həftə Tehranda Səudiyyə Ərəbistanı-İsrail yaxınlaşmasının yaratdığı təhlükəni müzakirə ediblər. İran mediasının məlumatına görə, HƏMAS-ın siyasi büro üzvü Üsəma Həmdan “sionist rejimi ilə münasibətərin normalaşması bütün fələstinlilərə qarşı haqsızlıqdır, biz bu plana qarşı çıxmalı və müqavmət göstərməliyik” deyib. Lakin İsrail üçün eyni vaxtda nəinki İranla, Hizbullah və Suriyadakı qüvvələrlə döyüşmək də risklidir”.
Ekspert bildirib ki, İsrail beynəlxalq koalisiyanın yaradılmasına çalışacaq:
“Bunun üçün isə HƏMAS-ın hücumunun arxasında İran və onun dəstəklədiyi qüvvələrin dayandığına dair sübutlar tapılmalıdır. Bu həm də başda Səudiyyə olmaqla, ərəb ölkələrinin dəstəyini, ən azı neytrallığını qazanmaq üçün də vacibdir”.
Günay