“Putin və Zelenski bəlkə də dil tapa bilərlər, amma...” - Açıqlama
“Ukraynadakı müharibənin yaxın zamanlarda başa çatacağı gözlənilmir”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Müsahibimiz qeyd edib ki, döyüşlər hələ uzun müddət davam edəcək:
“Amma həm Rusiya, həm də Ukraynanın imkanları getdikcə tükənir. Tərəflərin bundan sonra ciddi qələbə qazanmaq imkanı yoxdur. Şərqi Avropadakı müharibənin taleyi artıq birbaşa iştirakçılardan, yəni Moskva və Kiyevdən daha çox Vaşinqtondan asılıdır. Ağ Ev Ukraynaya göstərdiyi hərbi yardımın dərəcəsi ilə müharibənin nəticəsinə birbaşa təsir göstərmək imkanına malikdir. Hazırda ABŞ-nin hərbi yardımları, demək olar, Ukraynanın müqavimətinə və müharibənin uzanmasına hesablanıb”.
Ekspert deyib ki, həm Rusiya, həm də Ukrayna hakimiyyəti sülh istəyir:
“Putin və Zelenski bəlkə də dil tapa bilərlər, amma ABŞ buna imkan vermir. Vaşinqton Kiyevi silahlandırmaqla müharibənin uzanmasına şərait yaradır. Hərçənd hərbi yardımın dayandırılması Ukraynanın məhvi deməkdir. Rəsmi Kiyev savaşı uzatmaqdan imtina etsə, Vaşinqton hərbi dəstəyi dayandırmaqla “müttəfiqini” hədələyəcək”.
Günay