Çin və Braziliya bunu ilk dəfə etdilər - ABŞ-yə ZƏRBƏ
Çin və Braziliya dünən ilk dəfə olaraq öz milli valyutaları ilə ikitərəfli ticarət həyata keçiriblər.
Sfera.az xəbər verir ki, Çinin milli valyutası olan yuanla həyata keçirdigi ödəniş sonradan Braziliya realına çevrilən zaman ilk dəfə digər valyutadan istifadə edilməyib, yalnız milli valyutalar istifadə olunub.
“Bank of China”nın Braziliya filialı tərəfindən verilən açıqlamada, bu əməliyyat mühüm tarixi addım kimi dəyərləndirilib. Açıqlamada qeyd olunub ki, sövdələşmə Çinin Şanxay şəhərində nümayəndəliyi olan “Eldorado Brasil” adlı şirkətdən sellüloz almaq üçün edilib.
Braziliya mətbuatında mövzu ilə bağlı xəbərlərdə bəzi yerli istehsalçıların da ixrac zamanı Çinlə milli valyutalar vasitəsilə ödəniş edəcəyi bildirilib.
Xatırladaq ki, bu ilin martın 30-da Çin və Braziliya öz aralarındakı ticarət zamanı ABŞ dollarının əvəzinə milli valyutalardan, yəni yuan və realdan istifadə etmək barədə razılığa gəliblər.
Hazırda Çin Braziliyanın ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 150 milyard dolları keçib. Braziliya ilə yanaşı Cənubi Amerikanın daha bir neçə ölkəsi də Çinlə qarşılıqlı ticarətdə milli valyutalardan istifadə məsələsini nəzərdən keçirir.
Argentina Prezidenti Alberto Fernandez və onun braziliyalı həmkarı Luiz İnasio Lula da Silva may ayında ikitərəfli ticarətdə və qonşu ölkələrlə olan ticarətdə ABŞ dollarından istifadənin qarşısını almaq üçün yeni mexanizm yaratmaq üzərində birgə çalışacaqlarına söz vermişdilər. Argentinanın iqtisadiyyat naziri Sergio Massa aprelin 27-də ölkəsinin Çinə yuanla 1 milyard dollardan çox idxal ödənişləri etmək üçün razılığa gəlindiyini açıqlayıb. Boliviya isə iyulun 28-də qonşu ölkələrlə ticarətdə ABŞ dolları əvəzinə yuandan istifadə etməyə başladığını açıqlayıb.
Mütəxəssislər Cənubi Amerika və Karib hövzəsi ölkələrində ticarətdə dollar əvəzinə yuanın istifadə edilməsinin səbəbini bu ölkələrin Çinlə daha güclü əlaqələr qurmaq istəmələri və dollardan asılılığı azaltmağı hədəfləmələri ilə izah edirlər.
Vasif