“Sülh göyərçini” obrazına girən Paşinyan sülh müqaviləsini niyə uzadır? - Açıqlama

“Sülh göyərçini” obrazına girən Paşinyan sülh müqaviləsini niyə uzadır? - Açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməsinə, separatçıların Qarabağdan çıxarılmasına baxmayaraq, İrəvan sülh prosesini yenə də uzadır, danışıqlar formatına əlavə vasitəçilər daxil etməklə yekun sülh müqaviləsinin imzalanmasını ləngidir.

 

Maraqlıdır, Paşinyanın bu cür siyasi gedişləri nəyə hesablanıb?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov Ermənistanın xarici siyasətinin kənar qüvvələrin təsirində olduğunu, buna görə də yekun danışıqların yubandığını deyib: 

 

“Məsələ burasındadır ki, Ermənistan öz təşəbbüsü ilə hərəkət eləyə bilmir. Ermənistan tamamilə xarici qüvvələrdən asılı bir ölkədir və Nikol Paşinyan başda olmaqla bütün siyasi rəhbərlik kənar təlimatlarla hərəkət edirlər. Sülh prosesinin ləngiməsinin səbəbi odur ki, Fransa başda olmaqla bəzi qüvvələr bölgədə yeni müharibə yetişdirmək istəyirlər. Onlar həmişə çalışırlar ki, öz hüdudlarından kənarlarda qaynar nöqtələr yaratsınlar, dövlətləri müharibələrə təhrik etsinlər, sonra həmin gərginliklər fonunda bölgəyə yerləşərək öz maraqlarını həyata keçirsinlər. İndi Fransa Ermənistanın zəlil, başıpozuq siyasət aparan dövlət olmasından sui-istifadə edir”.

 

Ekspert Azərbaycanın bütün bu oyunlar qarşısına düşünülmüş strategiya ilə çıxdığını deyir:

 

“Azərbaycan öz problemini özü həll etdi. Yəni biz dünya birliyinə bel bağlamadıq. Belə olsaydı, indi Ermənistanın günündə olardıq. Biz çox böyük uğur əldə etmişik. Birinci uğur ondan ibarətdir ki, ərazi bütövlüyümüzü bərpa etdik. İkincisi, torpaqlarımızda separatçı rejimin nəfəsini kəsdik. Ordumuzun gücü, artan potensialımız bizə özümüzü çox əmin, arxayın hiss etməyə imkan verir. İndi Nikol Paşinyanın sülh danışıqlarını, razılaşmanın imzalanmasını istəyib-istəməsindən asılı olmayaraq, biz tələsmirik. Heç vaxt tələsməmişik və yolumuzdan, məramımızdan da dönmək niyyətimiz yoxdur”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR