“Azərbaycan və Ermənistan liderləri Tiflisdə görüşə bilər” - AÇIQLAMA
Ötən gün Azərbaycanın İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina etdiyi açıqlandı. Qeyd olundu ki, ölkəmiz görüşdə Türkiyənin iştirakını təklif etsə də, buna imkan verilməyib və bu məsələdə Fransa, Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Eyni zamanda, təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) antiAzərbaycan ab-havası formalaşıb.
Maraqlıdır, Azərbaycan və Ermənistan liderləri arasında bundan sonra görüş gözlənilirmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, ölkə başçıları arasında avqust ayında görüşün keçirilməsi planlaşdırılsa da, antiterror əməliyyatından sonra yeni siyasi şərtlər formalaşdı:
“Ona görə də belə bir görüş yeni formatda aparılmalıdır. Fikrimcə, danışıqlar masasında Türkiyə də təmsil olunmalıdır. Antiterror əməliyyatından əvvvəl mövcud olan müzakirələr isə hazırda qüvvədən düşüb. Ona görə də Prezident İlham Əliyev yeni şərtlərlə danışıqlara hazırdır. Fransa və Almaniya ermənipərəst siyasət ortaya qoyduğu üçün ölkə başçısı da İspaniyadakı görüşdən imtina etdi. Bu qərar Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkənin siyasi mövqeyini də gücləndirir. Bundan sonra Azərbaycan Ermənistanla danışıqlarda üçüncü tərəfin iştirakını qəbul etməməli, yalnız Ermənistanla birbaşa danışıqlara hazır olduğunu vurğulamaldır”.
Müsahibimiz bildirib ki, hazırda sülh müqaviləsinin bağlanması Azərbaycandan çox, Ermənistana lazımdır:
“Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasına tələsməməlidir. Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan buna cəhd etməlidir. Ermənistan sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa, Tiflisdə ikitərəfli danışıqlar aparıla bilər”.
Günay Rəsulqızı