Özəl məktəblərdə təhsilalanların sayı artır - RƏQƏMLƏR
Azərbaycanda özəl orta ümumi təhsil müəssisələrinin sayı artmasa da, bu müəssisələrdə təhsilalanların sayında nəzərəçarpacaq artım müşahidə edilir.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəmizdə 32 özəl orta ümumi təhsil məktəbi var. 2020-ci ildə özəl məktəblərin sayı 34 olsa da, növbəti illərdə onların sayı azalaraq 32-yə düşüb.
Özəl məktəblərdən biri ümumi orta, 31-i tam orta məktəbdir. Tam orta məktəblərdən 12-i isə liseydir.
Maraqlı fakt ondan ibarətdir ki, özəl məktəblərin sayı artmasa da, burada təhsilalanların, yəni şagirdlərin sayı davamlı artıb. 2020-ci ildə 34 özəl məktəb fəaliyyət göstərəndə məktəblərdə 15 967 şagird təhsil alıb. 2021-ci ildə məktəblərin sayı 32-yə düşsə də şagirdlərin sayı 16 859-a yüksəlib. 2022-ci isə şagird sayı daha da artaraq 20 135 olub.
2020-ci ildə bir məktəbə orta hesabla 470 şagird düşdüyü halda, 2022-ci ilin sonunda 629 şagird düşüb.
Özəl məktəblərdə şagirdlərin sayının artması ondan xəbər verir ki, pullu təhsilə maraq göstərənlər çoxalır. Hazırda Azərbaycanda 1,705 milyon şagird var və onların 1,18 faizi, başqa sözlə hər 1000 şagirddən 12-si özəl məktəblərdə oxuyur. Müqayisə üçün bildirək ki, 2010-cu ildə hər 1000 şagirdin 5-i özəl məktəblərdə təhsil alırdı.
Özəl məktəblərin sayının artmadığı halda şagird sayının artması təhsilhaqlarına da təsir edir. 2020-ci ildə ən ucuz məktəblərdə illik təhsil haqqı 4200-4500 manat olduğu halda, 2023-cü ildən bu məbləğ 6500 manata çatıb. Bəzi məktəblərdə isə təhsil haqqı 10-15 min manat, hətta daha yüksəkdir.
Göründüyü kimi, təhsil haqlarının xeyli artmasına baxmayaraq, özəl məktəblərdə təhsilə tələb azalmır, əksinə bir qədər də artır.
Vasif