Ukrayna Avropa İttifaqına üzv olsa, nə qədər qazanacaq?
Avropa İttifaqının büdcə qaydalarına görə, Ukraynanın üzvlüyü Kiyevə yeddi il ərzində təxminən 186 milyard avro qazandıracaq.
Sfera.az xəbər verir ki, “The Financial Times” bu barədə Avropa İttifaqının (Aİ) yeni üzvlərin daxil olması nəzərə alınmaqla yeddi il üçün nəzərdə tutulmuş büdcə layihəsinə istinadən xəbər verir.
Bu yay Aİ rəsmiləri ittifaqa qoşulan yeni üzvlərin potensial maliyyə təsirini qiymətləndiriblər. Onlar ittifaqın 2021-2027-ci illəri əhatə edən büdcə qaydalarından istifadə edərək araşdırma hazırlayıblar. Rəsmilər Aİ-yə Ukrayna, Moldova, Gürcüstan və altı Qərbi Balkan dövlətinin daxil olacağına əsaslanaraq hesablamalar aparıblar. Doqquz üzvün hamısının əlavə olunması Aİ büdcəsinə 256,8 milyard avroya başa gələcək.
“The Financial Times” hesab edir ki, 9 yeni üzv ölkənin əlavə olunması ilə cari büdcə 21% artaraq 1,47 trilyon avroya çatacaq. Bu, 36 ölkənin ümumi milli gəlirinin təxminən 1,4%-ni təşkil edir.
Ukrayna yeddi il ərzində Aİ-nin Ümumi Kənd Təsərrüfatı Siyasəti çərçivəsində 96,5 milyard avro əldə etmək hüququ qazanacaq. Araşdırmaya görə, bu maliyyə dəyişikliyi mövcud Aİ üzv dövlətlərinə kənd təsərrüfatı subsidiyalarını təxminən 20% azaldacaq. Bundan əlavə, Ukrayna daha kasıb üzv dövlətlərdə infrastrukturun yaxşılaşdırılması üçün yaradılan Aİ-nin birləşmə fondlarından 61 milyard avro almağa haqq qazanacaq.
Xatırladaq ki, Avropa Şurasının rəhbəri Çarlz Mişel Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcəyini etiraf edib.
Vasif