Fransadakı səfirimiz geri çağırılacaq? – “Bu, münasibətlərin son həddidir, inanmıram...”

Fransadakı səfirimiz geri çağırılacaq? – “Bu, münasibətlərin son həddidir, inanmıram...”

Fransa Respublikasının Milli Assambleyası Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə qərar qəbul edib.

 

Bunun ardınca isə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırıb.

 

Maraqlıdır, bu proses səfirlərin geri çağırılmasına qədər irəliləyə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, deputat Elman Məmmədov parlamentlərarası qrupda uzun müddətdir ki, soyuq münasibətlərin yaşandığını deyib. Deputat Fransa tərəfinin açıq qərəz nümayiş etdirdiyini vurğulayıb:

"Səfirlərin geri çağırılması son həddir. Güman etmirəm ki, münasibətlər o dərəcəyə qədər pisləşsin. Lakin parlamentlərarası dostluq qruplarında uzun müddət idi ki, gərginlik yaranmışdı. Həmin dostluq qrupunun üzvləri Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirdilər. Bizim işçi qrupunun onlara dəfələrlə olan müraciətlərinə, xoş münasibətinə baxmayaraq, öz ədalətsiz mövqelərindən geri durmurdular. Bu səbəbdən də daha onlarla əlaqələri davam etdirmək məqsədəuyğun hesab olunmur".

 

Parlamentari qarşıdakı zaman ərzində tərəflər arasında gərginliyin azalmasının arzuedilən olduğunu bildirib:

 

"Azərbaycan sülhsevər dövlət kimi hamı ilə mehriban əməkdaşlıq şəraitində yaşamağa üstünlük verir. Çox təəssüf ki, Fransa kimi dövlətə rəhbərlik edənlər, onların parlamentində olan müəyyən qüvvələr Azərbaycana qarşı açıq-aşkar düşmən mövqedə dayanırlar. Yəni onlar ermənidən daha artıq erməni olmağa üstünlük verirlər. Odur ki, münasibətlərdə problemlər yaşanır. Arzu ediləndir ki, problemlər zamanla yoluna qoyulsun. Biz Fransa kimi böyük dövlətlə münasibətlərimizin yaxşı olmasından yanayıq".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR