"Putinin başqa yolu qalmadı, Paşinyan aradan götürüləcək" - Onu Priqojinin taleyi gözləyir?
Ermənistan parlamenti Roma Statutunu qeyd-şərtsiz ratifikasiya edib. Sənədi yaxın vaxtlarda ölkə prezidenti Vaaqn Xaçatryan imzalamalıdır. Qərar dövlətdaxili prosedurlar başa çatdıqdan 60 gün sonra qüvvəyə minəcək.
Putinin həbsini nəzərdə tutan sənədin rəsmi İrəvan tərəfindən təsdiqləməsi nə ilə nəticələnə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Roma Statutunun ratifikasiyası Qərbin sifarişi olduğuna görə Ermənistanın onu təsdiqləməkdən başqa yolu yox idi:
“Rusiya rəsmiləri Ermənistanın bu qərarını düşmənçilik əlaməti kimi qiymətləndiriblər. Səslənən bəyanatlar Rusiyanın gələcəkdə Paşinyan hakimiyyəti ilə bağlı ata biləcəyi radikal addımların xəbərçisi ola bilər. Böyük ehtimalla Xaçatryan da sənədi imzalayacaq. Əgər o, bunu etməsə, ölkədə vətəndaş müharibəsi başlaya bilər. Digər tərəfdən, Rusiyanın da sənədin imzalanmasına mane olmaq üçün bütün imkanlardan istifadə etməsi mümkündür. Bunu bacarsa, Qərbə qalib gəlmiş olacaq. Əslində söhbət heç də Putinin Ermənistana səfərindən getmir. Ermənistana getmək Rusiya lideri üçün prinsipial məsələ deyil. O, onsuz da səfərlərini azaldıb. Putin Paşinyanla görüşmək istəsə, onu öz ölkəsinə də çağıra bilər. Amma Roma statunun ratifikasiyası ilə Ermənistan Rusiyadan üz döndərmiş olur. Putin bunu çətin bağışlayar”.
Müsahibimiz bildirib ki, Putin Paşinyan üzərində təsirini gücləndirməyə, ona nəzarəti artırmağa çalışacaq:
“Bunu bacarmasa, daha radikal qərarların qəbulu istisna deyil. Kreml Ermənistanın Baş nazirinə qarşı hədə və xəbərdarlıqları da sınaqdan keçirəcək. Əgər bunlar da nəticə verməsə, Putin artıq Paşinyanı aradan götürmək barədə düşünəcək. Paşinyanın "Vaqner" rəhbəri Yevgeni Priqojinin taleyini yaşaması da mümkündür. Hər halda Putin satqınları bağışlamır. İndi o, Paşinyanı xain hesab edir. Yəqin ki, Nikol da Qərbdən təhlükəsizlik zəmanəti alıb. Əks halda, bu cür riskli addım atmazdı”.
Günay Rəsulqızı