Neft Fondunun valyuta ehtiyatı 60 milyard dollara çatacaq – RƏQƏMLƏR
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2022-ci ildə olduğu kimi 2023-cü ildə də dövlət büdcəsinə transfertin məbləğini kəskin şəkildə azaldıb və bu dəyişiklik ARDNF-in aktivlərinin dəyərinin artmasına çox böyük köməklik edib.
Sfera.az xəbər verir ki, son məlumatlara əsasən, ARDNF-in valyuta ehtiyatları 57,6 milyard dollara çatıb. 2023-cü ilin əvvəli ilə müqayisədə ehtiyatların dəyərində artım 8,6 milyard dollardan çox olub.
Ehtiyatların bu qədər artmasının iki əsas səbəbindən biri məhz dövlət büdcəsinə transfertlərin azaldılmasıdır. 2023-cü ildə ARDNF dövlət büdcəsinə maksimum 6,9 milyard dollar pul köçürməlidir. Bu məbləğ aylar üzrə orta hesabla 575 milyon dollardır. Əgər proqnozlaşdırılan həcmdə transfert həyata keçirilsəydi, son 9 ayda ARDNF 5,18 milyard dolları büdcəyə köçürməli idi. Amma açıqlanan məlumatlardan görünür ki, ARDNF nəzərdə tutulandan 3,83 milyard dollar az vəsait köçürüb. Köçürülən pulun məbləği 2,096 milyard dollar təşkil edib.
Qənaət olunan məbləğ ARDNF-də qalıb və bu, onun ehtiyatlarının artmasına səbəb olub.
ARDNF-in ehtiyatlarının artmasına təsir edən digər güclü səbəb isə fondun sahib olduğu aktivlərin dəyərinin artmasıdır.
Ümumilikdə, bu il ARDNF-in aktivlərinin artması baxımından əlamətdar il olacaq və dinamika dəyişməzsə, ilin sonunda fondun aktivlərinin dəyəri 60 milyard dollara çatacaq.
Vasif