“Azərbaycan xalqına qarşı hərbi cinayət törətmiş hər kəs cavab verəcək” – Elman Nəsirov
Ermənistan Beynəlxalq Məhkəməyə 10-a yaxın tələb təqdim edib ki, bunlardan biri də Bakının Dağlıq Qarabağın indiki və keçmiş “məmurlar”ını mühakimə etməkdən imtina etməsidir.
Beynəlxalq Məhkəmə Ermənistanın bu iddialarını təmin edə və Bakıdan məhkumların geri qaytarılmasını tələb edə bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Elman Nəsirov ermənilərin yalan iddialarla çıxış etdiyini deyib. Parlamentarinin sözlərinə görə, 30 il öncə azərbaycanlılara göstərilən münasibətlə indi ermənilərə göstərilən münasibət arasında kəskin fərq var:
“Ermənistanın siyasi rəhbərliyi Azərbaycanı Beynəlxalq Məhkəməyə verib. Bunu siyasi həyasızlığın pik nöqtəsi hesab edirəm. Torpaqlarımızdan çıxan Ermənistan hərbçiləri minaların basdırılmasını həyata keçirir. Eyni zamanda Xankəndini tərk edən ayrı-ayrı insanların oradakı texnikanı dağıtması ilə bağlı faktlar var. Heç kim Qarabağda yaşayan ermənilərin çıxarılması tələbini irəli sürmür. Əksinə, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat qəbul edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, orada yaşasınlar, onlarla heç kimin işi yoxdur. Amma kimlərsə bunu etmək istəmirsə, gedə bilər, yəni tam azad, sərbəstdirlər. Halbuki 30 il bundan qabaq azərbaycanlı qaçqınlara münasibətdə belə bir davranış olmamışdı. Qışda qar altında, gülləbaran altında soyqırım siyasəti həyata keçirərək, azərbaycanlıları didərgin salmışdılar. İndi isə Azərbaycandan 30 avtobus istəyirlər ki, onların köçürülməsi prosesinə dəstək olaq. Qarabağdakı ermənilər könüllü şəkildə seçim edirlər. Ancaq Ermənistan siyasi rəhbərliyi Azərbaycanı Beynəlxalq Məhkəməyə verir ki, guya biz onları deportasiya edirik”.
Deputat Azərbaycanın Beynəlxalq Məhkəmədə iddia qaldıracağını qeyd edib. Millət vəkili həbs olunan ermənilərə qarşı ağır cəzaların tətbiq ediləcəyini vurğulayıb:
“Əksinə, ortaya növbəti sual çıxıb. Biz Beynəlxalq Məhkəmədə bu məsələni qaldıracağıq ki, Qarabağ Azərbaycan ərazisidir, dünya bunu belə də tanıyır və bu gün Qarabağın tam suverenliyinə nail olmuşuq. Onda sual verirəm: Azərbaycanı tərk eləyən ermənilərdə Ermənistan pasportuna nə gəzir və o ərazi Ermənistan torpağı idi ki, orada erməni pasportu ilə yaşayırdılar? Cinayət faktı göz önündədir. Yəni bu sualın cavabını verməlidirlər. Digər tərəfdən, Azərbaycanın müvafiq hüquq mühafizə orqanları Qarabağdakı hərbi caniləri saxlayır, hərbi müharibə cinayəti törətmiş şəxsləri həbs edir. İndi onların adlarını Dağlıq Qarabağın indiki və keçmiş məmurları şəklində təqdim etmək kökündən yanlışdır. Bu, cinayətin ört basdır edilməsidir. Azərbaycan dövləti bəyan etdi ki, Ermənistan silahlı qüvvələri, qeyri-qanuni erməni silahlı birləşmələri silahı yerə qoysun, tərki-silah olunsun və çıxıb getsinlər. Ancaq bu, heç bir halda hərbi canilərə, müharibə cinayətkarlarına aid deyil. Onların bir qismi artıq həbs edilib və digərlərini də eyni aqibət gözləyir. Respublikamızın Baş Prokurorluğu artıq üç yüzə yaxın belə iş açıb. İstintaq proseslərinə start verilib və inanırıq ki, bütün müharibə caniləri məhkəmə qarşısında dayanacaq və ədalətli qərarlar qəbul ediləcək. İnanırıq ki, bu qərarlar çox sərt olacaq. Çünki onların cinayətləri bəşəriyyət əleyhinə, insanlıq əleyhinə cinayətlərdir”.
Əzizə Zeynal