“Bu risk məni gecələr də yatmağa qoymur” – Baydenin köməkçisindən Rusiya AÇIQLAMASI
“Vaşinqton Kiyevə dəstəyə görə Moskva ilə birbaşa eskalasiya təhlükəsini istisna etmir”.
Bunu Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan “The Atlantic” nəşrinə müsahibəsində deyib. O, bildirib ki, buna rəğmən, Kiyevə hərbi yardım dayandırılmayacaq.
“Bəziləri Ukraynaya yardımı dəstəkləyir. Bir qrup isə düşünür ki, bu dəstək üçüncü dünya müharibəsi ilə nəticələnə bilər. ABŞ və Rusiya arasında gərginliyin artması riski məni gecələr də yatmağa qoymur. Əks halda, mən vəzifəmdən azad olunmalı idim”, deyə Sallivan əlavə edib.
Maraqlıdır, ABŞ ilə Rusiya arasında birbaşa hərbi toqquşma mümkündürmü?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya ABŞ-lə “haq-hesabı çürütmək” barədə düşünə bilər:
“Bu isə birbaşa savaş deməkdir. Hərçənd bu, Moskvanın xeyrinə olmayacaq. Sallivan Kiyevə dəstəyin davam edəcəyini söyləməklə ehtimal edilən hərbi toqquşmadan qorxmadıqları barədə mesaj vermək istəyib. Rusiyanın indiki məqamda ABŞ-lə dil tapa biləcəyi ağlabatan görünmür. Çünki Ağ Ev dialoqdan uzaqdır. Odur ki, rəsmi Moskva ilə Vaşinqton arasında hərbi gərginlik getdikcə artacaq”.
Müsahibimiz bildirib ki, buna səbəb məhz Qərbin sərt ritorikasıdır:
“ABŞ ilə Rusiya arasında ehtimal edilən hərbi toqquşmanın qalibi olmayacaq. Savaş nəticəsində dünyada yeni siyasi xəritə müəyyənləşəcək. Həm Rusiya, həm də ABŞ buna hazır görünür. Üçüncü dünya müharibəsi qaçılmazdır”.
Günay