Putinin Çin səfərindən GÖZLƏNTİLƏR – Niyə gedir?

Putinin Çin səfərindən GÖZLƏNTİLƏR – Niyə gedir?

Rusiya prezidenti Vladimir Putin Çinə səfər etməyə hazırlaşır. O, Pekində “Bir kəmər, bir yol” forumunda iştirak edəcək.

 

Rusiya xəbər agentliklərinin məlumatına görə, Putinin Çinə səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzuları müzakirə ediləcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya liderinin Çinin dəstəyinə ehtiyacı var:

 

“Ukrayna müharibəsi başladıqdan sonra Putin Rusiyadan kənara çıxmamağa çalışır. Avqust ayında tərəfdaş adlandırdığı Türkiyəyə səfərdən də imtina etdi. Ancaq Türkiyədən fərqli olaraq, Çin Rusiyanın strateji tərəfdaşıdır, Moskvada bu dövləti müttəfiq adlandıranlar da var. Digər tərəfdən, Çin lideri Si Cinpin bir müddət əvvəl Rusiyaya səfər edərək, Putinlə görüşmüşdü. Həmin görüşdə Cinpin Putini Çinə dəvət etmişdi. Kreml sahibi səfərdən imtina etsəydi, bu, onun dostu Cinpinə qarşı hörmətsizliyi kimi başa düşülə bilərdi. Ukraynaya qarşı işğalçı müharibəyə görə Rusiyanın dost və tərəfdaşı onsuz da azdır”.

 

Ekspert bildirib ki, Rusiyada Çinin iqtisadi modelinə də maraq var:

 

“Rusiyalı iqtisadçıların bir qismi rublun möhkəmləndirilməsi üçün Çin modelindən istifadəni faydalı hesab edirlər. Vladimir Putin üçün isə hazırda önəmli olan siyasi əlaqələrdir. Ancaq Çin iqtisadiyyatındakı problemlərin Rusiya iqtisadiyyatına da mənfi təsiri var. Rusiya Avropaya sata bilmədiyi qazın tamamını Çinə satmağa çalışır. Pekinin valyuta gəlirləri azalırsa, bu ölkənin Rusiyanın qazının əsas hissəsini almasında da problemlər yaranacaq”.

 

Politoloq son olaraq qeyd edib ki, Moskva və Pekin Qərbin təzyiq və sanksiyalarına qarşı birgə mübarizəni davam etdirməkdə maraqlıdırlar.

 

Günay


OXŞAR XƏBƏRLƏR