Ukrayna Avropa İttifaqına üz ola biləcək? - ŞƏRH

Ukrayna Avropa İttifaqına üz ola biləcək? - ŞƏRH

Ukraynanın Baş naziri Denis Şmıqal deyib ki, ölkəsi iki il ərzində Avropa İttifaqına (Aİ) üzv olmağa tam hazır olacaq.

 

“Biz prosesin ləngidilməsi ilə razılaşmayacağıq. Bu, bütün ukraynalılar üçün çox vacibdir. Əminəm ki, iki il ərzində Aİ-nin bir hissəsi olmağa tam hazır vəziyyətə gələcəyik”, deyə Baş nazir bildirib.

 

O, həmçinin vurğulayıb ki, Ukrayna üzvlük üçün Avropa Komissiyasının irəli sürdüyü 7 şərtin hər birini yerinə yetirib.

 

Maraqlıdır,  Ukrayna Aİ-yə üzv ola biləcəkmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi Kiyevin Aİ-yə üzvlük məsələsi müharibənin nəticəsindən asılıdır:

 

“Müharibə bitənədək Ukrayna quruma üzv ola bilməyəcək. Davam edən müzakirələr həm də rəsmi Kiyevi stimullaşdırmaq, həvəsləndirmək üçündür. Çünki Avropa müharibənin dayanmasını istəmir, üfüqdə sülh görünmür. Ukrayna məğlub olarsa, Aİ-yə üzvlük məsələsi ümumiyyətlə, unudulacaq”.

 

Müsahibimiz bildirib ki, Kiyevin qalib gəlməsi üçün Qərbin ciddi dəstəyinə ehtiyac var:

 

“Hazırkı dəstəklə nəyəsə nail olmaq mümkün deyil. Hərbi yardımların bugünkü səviyyəsi, sadəcə, müqavimət üçün kifayətdir və savaşın uzanmasına xidmət edir. Qərb, həqiqətən, Ukraynanın qalib gəlməsini istəyirsə, dəstəyi artırmalıdır. Digər ssenari isə Ukraynanın parçalanmasıdır. Bir çox ekspert bu ehtimalı mümkün hesab edir. Onların fikrincə, gələcəkdə Ukrayna torpaqlarının bir hissəsindən Rusiyanın xeyrinə imtina etməli olacaq. Bundan sonra isə ölkə Aİ-nin üzvünü çevriləcək. Əlbəttə, proseslərlə bağlı dəqiq proqnoz vermək çətindir. Amma o dəqiqdir ki, Ukraynanın Aİ-yə üzv olmasına hələ çox var”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR