Əhali banklara niyə qısa müddətə pul qoyur? - ARAŞDIRMA
Son illərdə əhalinin, o cümlədən fiziki şəxs kimi sahibkarlıqla məşğul olan insanların banklarda olan əmanətlərinin həcmi nəzərəçarpacaq dərəcədə artsa da, bu artımın daha çox qısa müddətə yerləşdirilən vəsaitlər hesabına baş verdiyi görünür. Müddətli, xüsusən də uzunmüddətli əmanətlərin həcmində artım sürəti isə olduqca zəifdir.
Sfera.az xəbər verir ki, 2016-cı ildə banklarda əhalinin 7,45 milyard manat əmanəti olub. Əmanətin 5,71 milyard manatı (76,6 faiz) müddətli (pulu banka müəyyən müddətə faiz gəliri əldə etmək şərti ilə qoyulmasıdır – red.), 1,74 milyard manatı tələb olunanədək olan əmanətlər idi.
Sonrakı illərdə əmanətlərin həcmi sürətlə artmağa başlasa da, müddətli əmanətlərin payı xeyli azaldı. Müddətli əmanətlərin payı 2019-cu ildə 66 faizə, 2021-ci ildə 58 faizə, 2022-ci ilin sonunda 53 faizə düşdü.
Müddətli əmanətlərin payında azalma dinamikası 2023-cü ilin iyun ayının sonuna qədər davam edib və həmin tarixdə cəmi əmanətlərin 51,8 faizi müddətli olub.
Lakin iyul və avqust aylarında banklarda əmanətlərin 170 milyon manatdan çox azalması və bu azalmanın cari hesabdakı vəsaitlərin hesabına baş verməsi sayəsində müddətli əmanətlərin payı 53,3 faizə qədər artıb.
Banklar üçün müddətli əmanətlərin, əsasən də uzunmüddətli əmanətlərin payının artması vacibdir. Amma təəssüflər olsun ki, banklara pul qoyan fiziki şəxslər hələ də uzunmüddətə (bir il və ondan uzun müddət – red.) vəsait yerləşdirməkdə maraqlı deyil. Bunun bir neçə səbəbi var.
Əsas səbəb psixoloji amillərdir. Əhali hələ də iqtisadi riskləri nəzərə alaraq banklara uzun müddətə vəsait yerləşdirməkdən ehtiyatlanır.
2015-ci ildə 2 devalvasiyanın baş verməsi nəticəsində manatın 2,16 dəfə ucuzlaşması, son illərdə çoxlu sayda bankın bağlanması və sığortalanmayan pulların çox hissəsinin geri qaytarılmaması əhalidə narahatçılıq yaradan əsas amillərdəndir. Əhalidə belə bir düşüncə hələ də hakim kəsilib ki, dollar yenidən kəskin şəkildə bahalaşacaq və manatda olan pul vəsaitləri dəyərsizləşəcək. Bu amillər banklarda uzun müddətə daha çox vəsait yerləşdirilməsinin qarşısını alır.
Müddətli vəsait qoyuluşunun azalmasına təsir edən əsas amillərdən biri də faiz dərəcələrinin aşağı olmasıdır. Xüsusən xarici valyutada yerləşdirilən əmanətlərə görə çox aşağı faiz gəliri təklif edilir ki, bu da banklara müddətli əmanət qoyuluşunu cəlbedici etmir.
Buna görə də banklarda müddətli, əsasən də uzunmüddətli əmanətlərin payında azalma davam edir. Uzunmüddətli əmanətlərin təşviq edilməsi üçün yüksək faiz gəlirləri təklif edilə bilər və ya daha uzun müddətə yerləşdirilən əmanətlərdən əldə olunan faiz gəlirlərindən vergi tutulmaya bilər. Bu halda uzunmüddətli əmanətlərin payının artması ehtimalı yaranacaq.
Onu da bildirək ki, son illərdə əmanətlərin həcminin artması daha çox cari hesablardakı vəsaitlərin artması hesabına baş verib. Cari hesablarda 2017-ci ildə 2,36 milyard manat vəsait olduğu halda, 2023-cü ildə onların məbləği 6 milyard manata çatıb. Müqayisə edilən dövrdə əmanətlərdə cari hesabda olan vəsaitlərin payı 31 faizdən 47 faizə yüksəlib. Cari hesablardakı vəsaitin xeyli artması ümumən əmanətlərin həcminin artmasına ən böyük faydanı verib.
Vasif