“Rusiya Ermənistana mümkün ola biləcək bütün zərbələri vuracaq” - AÇIQLAMA
Ermənistan Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutu ilə bağlı ikitərəfli saziş imzalamağı təklif edib. Rusiya XİN isə öz növbəsində bu təklifə müsbət yanaşmayıb və bildirilib ki, bunun ikitərəfli münasibətlərə mənfi təsirləri olacaq.
Maraqlıdır, Ermənistan sazişi ratifikasiya edə bilərmi? Bu baş verərsə, hansı proseslər yaşana bilər?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov sənədin ratifikasiya olunacağı təqdirdə görüləcək tədbirlər barədə Rusiya tərəfindən Ermənistana məlumat verildiyini deyib:
“Ermənistanın Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutu ilə bağlı ikitərəfli saziş imzalamağı təklif etməsi, onun həmin sənədi təsdiq etmə, yaxud parlamentdə ratifikasiyası ilə bağlı müəyyən tərəddüdlərinin olması ilə əlaqədardır. Bildiyimiz kimi, Rusiya tərəfi Ermənistanın bu təşəbbüsünə və bu sahədə fəaliyyətinə çox ciddi münasibət bəsləyir. Hətta Ermənistanla Rusiya arasında münasibətləri gərginləşdirən səbəblər arasında bu məsələ özünəməxsus yer tutur. Böyük ehtimalla bu sənədin Ermənistanda qəbul olunduğu təqdirdə Rusiyanın İrəvana hansı cəza tədbirlərini tətbiq edəcəyi haqqında müəyyən siqnallar ötürülüb. Məhz buna görə də Ermənistan bir tərəfdən bu statutu parlamentə təqdim edir və təsdiq olunmasını, müzakirəyə çıxarılmasını gözləyir, digər tərəfdən isə gözləri Rusiyadadır. Təbii ki, Ermənistan bu məsələnin öz həllini tapmasına çoxdan çalışır və müxtəlif tribunalardan dəfələrlə bəyan edilib ki, bu statutu təsdiq edəcəklər, parlamentdə müzakirə edəcəklər. Eyni zamanda, deyilir ki, bu heç də Rusiyanın əleyhinə, yaxud da ki, Rusiya Prezidenti Vladimir Putinə qarşı çevrilməyib. Ermənistanda izah etməyə çalışır ki, bu, məhz Azərbaycana qarşı addım kimi düşünülür. Təbii ki, Rusiya tərəfi Ermənistanın bu izahatını qəbul etmək fikrində deyil və orada hesab edirlər ki, bu, həqiqətən Rusiya tərəfinə və şəxsən Rusiya prezidenti Vladimir Putinə qarşı yönəlib".
Politoloq Ermənistanın sənədi ratifikasiya edəcəyini qeyd edib. Analitikin sözlərinə görə, bununla da Rusiya-Ermənistan münasibətləri ən gərgin səviyyəsinə çatmış olacaq:
"Təbii ki, bundan sonra Rusiyanın hansı tədbirləri görəcəyi barədə qabaqcadan fikir söyləmək mümkün deyil. Amma düşünürəm ki, Rusiya bütün bunların qarşılığında Ermənistana mümkün zərbəsini vuracaq. Hesab edirəm ki, yaxın günlərdə bu sənəd qəbul olunacaq. Ona görə ki, Ermənistan bu istiqamətdə geri çəkilmək fikrində deyil və qəbul edərsə, təbii ki, Rusiya tərəfindən də müəyyən cavablar gələcək və bu cavablar çox böyük ehtimalla Ermənistanda Paşinyan hakimiyyətinə, hakim dairələrə qarşı müəyyən tədbirlərlə bağlı olacaq. Düşünürəm ki, Rusiyada artıq Ermənistanda hakimiyyət dəyişikliyi barədə qərar çıxarılıb və bu gün Ermənistanda Paşinyanı əvəz edə biləcək namizədin axtarışı məsələsi ciddi şəkildə gündəmdədir. Çox şübhəsiz ki, bu hadisə son zamanlar Rusiya ilə Ermənistan arasında daha da gərginləşmiş ikitərəfli münasibətlərin pik həddə çatmasına səbəb olacaq".
Qeyd edək ki, Rusiya Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun ratifikasiya məsələsinə olduqca sərt reaksiya verir. Çünki BCM Rusiya prezidenti Vladimri Putin haqqında həbs qərarı çıxarıb. Bunun nəticəsində Roma statunun ratifikasiya edən istənilən ölkədə onun həbs olunması təhlükəsi mövcuddur.
Əzizə Zeynal