Paşinyan oktyabrın 5-də istefa verəcək? – “O sənədi imzalamasına imkan verməyəcəyik”
Ermənistanda hökumət əleyhinə keçirilən etiraz aksiyalarının liderlərindən biri, “Ana Ermənistan” hərəkatının rəhbəri Andranik Tevanyan Nikol Paşinyanın oktyabrın 5-də istefaya göndərilməli olduğunu deyib.
“Heç kim bilmir ki, o, Ermənistan üçün ölümcül olan hansı sənədləri imzalamağa hazırdır. Biz buna imkan verməməliyik”, - Tevanyan bildirib.
Maraqlıdır, İrəvandakı aksiyalar Paşinyanın istefasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov Paşinyanın istefaya göndəriləcəyinə inanmadığını deyib:
“Birincisi, aksiya iştirakçılarının sayı lazımi qədər deyil, kütləvi həbslər nəticəsində onların sayı azalır. İkincisi, Qərb Paşinyanı qoruyur. Bir çox ekspertin iddia etdiyindən fərqli olaraq, hətta Rusiya da Ermənistandakı ehtimal edilən çevrilişi istəmir. Düzdür, Rusiya Paşinyanı cəzalandırır, amma ehtimal edilən hakimiyyət dəyişikliyi Moskvaya sərf etməyə də bilər. Çünki Rusiyanın proseslərə nəzarətini təmin edən və regiondakı mövcudluğunu əhəmiyyətli dərəcədə artıran üçtərəfli bəyannamə məhz Paşinyanla imzalanıb. Onun yerinə gələn siyasətçi bu sənəddən imtina edə bilər”.
Müsahibimiz bildirib ki, erməni xalqı Paşinyanın alternativini görmür:
“Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan artıq "işlənmiş kartdırlar". Əslində, bu gün baş verənlərin günahkarı məhz onlardır və Ermənistan ictimaiyyətinin xeyli hissəsi bunu başa düşür. Digər tərəfdən, Paşinyan ictimai rəylə işləməyi bilən siyasətçidir, manipulyasiyanı yaxşı bacarır. Həmçinin, əvvəllər də hakimiyyət əleyhinə etirazlar olub, amma onların da hamısı uğursuzluqla nəticələnib. Yəqin ki, etirazçılar oktyabrın 5-nə qədər müqavimət göstərəcəklər. Paşinyanın siyasi yolla devriləcəyinə inanmıram. Bunu başa düşən etirazçılar, digər variantlara, o cümlədən terror aktına cəhd edə bilərlər. Qarşıdakı günlərdə baş nazirə hücumlar, o cümlədən sui- qəsd cəhdləri mümkündür”.
Günay Rəsulqızı