"İlk gündən bilirdim ki, sonum..." - Vardanyanın AÇIQLAMASI
Qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın bir həftə əvvəlki müsahibəsi gündəm olub.
Sfera.az bildirir ki, Vardanyan Qarabağda antiterror əməliyyatı başlayanda “The Guardian”a danışıb.
Vardanyan Azərbaycan qüvvələrinin hədəfi olacağını bildiyini deyib.
"Həyatdır. Vətən üçün ölməyə hazırsansa, bu, yaxşıdır. Vacib bir iş görürsənsə, buna hazır olmalısan. Yəni hekayənin sonu çox pis ola bilər. Mən isə ilk gündən buna hazır idim, bunu bilirdim”, - R.Vardanyan əlavə edib.
Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Bu gün isə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Günay