"Şagirdə zorakılıq edən birinin uşaqlarla bağlı quruma rəhbər təyin edilməsi..." - AÇIQLAMA
Keçən il Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətləri etdiyinə görə haqqında Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. Daha sonra ona 4 min manat cərimə cəzası təyin olunub.
Lakin bu gün Lənkəran rayon icra başçısının sabiq müavini Rasilə Arifqızı Osman Mirzəyev adına Lənkəran uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.
Bəs belə tərcümeyi-halı olan birinin yenidən vəzifəyə təyin olunması, xüsusən də uşaq evinin müdiri olması nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib ki, Rasilə Arifqızının yenidən vəzifə tutması ilə bağlı qanunvericilikdə məhdudiyyət qoyulmayıb:
“Mən o vaxt da sözügedən maddə ilə ittiham olunmasını düzgün saymamışdım, çünki faktiki olaraq şəxsin azadlığının məhdudlaşdırılmasından söhbət gedirdi. Buraya başqa maddələr də əlavə olunmalı idi.Lakin cəriməsini ödəyib, cəzasından azad olunub. Məhkəmədə onun başqa bir vəzifə tuması ilə bağlı qərar qəbul olunmayıbsa, bu halda qanunvericilik ona bu barədə məhdudiyyət qoymur”.
Hüquqşünas qeyd edib ki, bu addım mənəviyyat baxımından doğru deyil:
“Tutaq ki, ölkəmizdə kimsə mühafizə orqanında işləmək istəyir. O adam araşdırılır. Əgər nəslində cərimə hökmü olan biri varsa, onu işə götürmürlər. İnternat məktəbinin direktoru kiçik vəzifə deyil. Yenə də uşaqlarla işləyəcək. Uşaqlara qarşı o cür rəftar edən birinin yenidən belə bir quruma rəhbər qoyulması mənəviyyat baxımından düzgün deyil”.
Firuzə Əliyeva