“Taxıl sazişi”ni bərpa etmək mümkün olmur – Balahaşma olacaq?
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel hazırda "taxıl sazişi"nə qayıtmağın mümkün olmadığını deyib.
O, bildirib ki, bu istiqamətdə razılığa gəlmək olmur.
Maraqlıdır, bu məsələ dünya taxıl bazarına hansı formada təsir edəcək? Dünya bazarında taxıl qıtlığı, ciddi qiymət dəyişikliyi ehtimalı varmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli dünya bazarında taxıl qıtlığının olmayacağını, lakin qiymətlərdə müəyyən artımların olacağını bildirib:
“Əslində taxıl sazişinin bərpa edilməyəcəyi bir neçə ay öncədən bəlli idi, yəni mart, aprel aylarından taxıl sazişinin uzadılacağı gözlənilmirdi. Çünki Rusiya qəti mövqe sərgiləyirdi ki, taxıl sazişinin saxlanılması üçün mütləq şəkildə onun kənd təsərrüfatı müəssisələrinə və məhsullarına tətbiq edilən sanksiya ləğv edilməlidir. Bu, şərt kimi qoyulmuşdu və biz bu danışıqların mahiyyətini, məzmununu bilmirik. Buna görə də indi Rusiyanın öz mövqeyindən geri çəkilməsi gözlənilmir. Bunu bazar iştirakçılarının hamısı bu cür qəbul edir. Ona görə də taxıl sazişinin olmaması indiyədək bazara necə təsir edə bilibsə, edib. Birjalar bu cür fəaliyyət göstərirlər, yəni bir hadisə baş verəndən sonra yox, hadisə baş verməmişdən öncə məsələlərə reaksiya verilir. İndi burada nüans ondan ibarətdir ki, əslində Ukrayna taxılının dünya bazarına çıxarılması üçün istiqamət təkcə Qara dəniz deyil, o, Polşa üzərindən Rumıniya üzərindən də məhsulunu bazara çıxara bilər. Quru sərhədləri Qərb istiqamətində açıqdır. Amma Polşa özü desə də ki, Ukrayna ilə dostluqda çox maraqlıdır, Ukrayna taxılının ölkəyə girişini qadağan edib. Bildirilir ki, bu onun öz taxıl istehsalçılarında problem yaradır”.
Ekspert ölkədə duru yağların bahalaşa biləcəyini deyib:
“İyul ayında taxıl satışı tam bitəndən sonra qiymətlər iki faizdən çox, üç faizə yaxın yüksəldi. Amma avqust ayında taxılın qiymətləri yenə düşdü. Bunun əsas səbəbi nə idi? Əsas səbəbi o idi ki, Rusiyada da, Amerikada da məhsuldarlıq çox olub. Yəni əsasən, bazarlar üçün təklif edilən məhsulun həcmi əhəmiyyətlidir. Odur ki, mən yaxın aylarda taxılın qiymətlərində ciddi artım gözləmirəm. Yəni bazarlara kifayət qədər məhsul çıxarılıb, hətta məhsul artıqlığı var. Amma ümumiyyətlə, taxıl dəhlizi qüvvədə olanda taxıl qiymətləri, buğda qiymətləri dünya bazarında 30 faizə qədər ucuzlaşmışdı. İndi isə bu ucuzlaşma dayanacaq, bu, birmənalıdır. Müəyyən qiymət artımları da ola bilər, amma bu, ciddi həddə olmayacaq. 2019-2022-ci ildə gördüyümüz artımlar olmayacaq. Günəbaxan, qarğıdalı yağı bir az bahalaşa bilər, çünki burada Ukraynanın mövqeyi çox güclü idi”.
Əzizə Zeynal