Qeyri neft-qaz sektoru hər il 4-5 faiz böyüyəcək – PROQNOZ

Qeyri neft-qaz sektoru hər il 4-5 faiz böyüyəcək – PROQNOZ

Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan makroiqtisadi proqnozlara əsasən, yaxın beş il ərzində qeyri neft-qaz sektorunda artım sürəti 4-5 faiz intervalında dəyişəcək. 


Sfera.az nazirliyin hazırladığı proqnoza istinadən xəbər verir ki, bu ilin sonunda qeyri neft-qaz sektoru üzrə əlavə dəyər (ümumi daxili məhsul - ÜDM) istehsalının həcmi 77,6 milyard manat təşkil edəcək. 


Proqnozlara əsasən, qeyri neft-qaz ÜDM həcmi 2024-cü ilin sonunda 84,2 milyard manat, 2027-ci ilin sonunda isə 106,8 milyard manat olacaq. 


Bu dövrdə neft-qaz sektoru üzrə isə kiçilmə baş verəcək. Neft-qaz sektorunda kiçilmə 2023-cü ildə 0,3 faiz, 2024-cü ildə 1,7 faiz, 2027-ci ildə 0,8 faiz təşkil edəcək.
Adıçəkilən sektorlarda baş verən dəyişikliklər nəticəsində ölkə iqtisadiyyatında neft-qaz sektorunun xüsusi çəkisi tədricən azalacaq, iqtisadi artımın əsas hərəkətverici qüvvəsi neft-qaz sektorundan qeyri neft-qaz sektoruna transformasiya olunacaq. Bu dəyişikliklə əlaqədar olaraq iqtisadiyyatda qeyri neft-qaz sektorunun payı 2023-cü ildə 65 faizə, 2027-ci ildə 79 faizə yüksələcək. 


Qeyd edək ki, makroiqtisadi proqnoz hazırlanan zaman neftin ortaillik qiyməti 60 dollardan fərz edilib. Əgər neftin ortaillik faktiki qiyməti yüksək olarsa, o halda ÜDM istehsalında neft-qaz sektorunun payı qeyd edilənlərdən daha yüksək olacaq. 


Amma istənilən halda qeyri neft-qaz sektorundakı artım sürətinin böyük olması hesabına orta və uzunmüddətli dövrdə iqtisadiyyatda bu sektorun payı artacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR