Ermənilərin reinteqrasiyası Azərbaycan iqtisadiyyatına nə qazandıracaq? - ARAŞDIRMA
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda yaradılan qondarma rejimə qarşı həyata keçirdiyi antiterror əməliyyatından sonra burada olan hərbi rejimin ləğv edilməsi və erməni əhalisinin reinteqrasiyası (vərəndaşlığın bərpası – red.) ilə bağlı razılıq əldə edilib.
Sfera.az xəbər verir ki, reinteqrasiya prosesinin regionda mövcud olan gərgin vəziyyəti aradan qaldırmaqla yanaşı Azərbaycan iqtisadiyyatına müsbət təsiri də olacaq.
Reinteqrasiya prosesinin Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı Rusiyanın RBK.ru saytı araşdırma aparıb. Sayt araşdırma zamanı Azərbaycan Dövlət Statistika Komitəsinin və Qarabağda mövcud olmuş qondarma rejimin məlumatlarını əsas götürüb.
Sayt bildirir ki, erməni əhalisinin vətəndaşlığının bərpasından sonra Azərbaycan əhalisi artacaq. 2022-ci ilin məlumatına görə, Azərbaycanın əhali sayı 10,127 milyon nəfər olub. Əhali sayı hesablanan zaman Qarabağda yaşayan erməni əhalisinin sayı nəzərə alınmayıb. RBK qondarma rejimin məlumatlarına istinadən bildirir ki, Qarabağda 120 min erməni əhalisi (Azərbaycan tərəfi burada 40-60 min əhalinin yaşadığını bildirir – red.) var. Əgər bütün ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərsə, o halda, ölkə əhalisinin sayı 10,2 milyonu ötəcək.
Əhali sayının artması pərakəndə ticarət dövriyyəsinin, pullu xidmətlərin, vergi daxilolmalarının, əsaslı kapitala investisiya qoyuluşunun və s. kimi iqtisadi göstəricilərin yaxşılaşmasına səbəb olacaq.
Sayt hesab edir ki, reinteqrasiya Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalına da müsbət təsir edəcək.
Qondarma rejimin 2022-ci ilə aid olan məlumatına istinad edən sayt qeyd edir ki, burada 663 milyon dollar dəyərində əlavə dəyər (ÜDM) yaradılıb. Həmin ildə Azərbaycanın ÜDM istehsalı 78,7 milyard dollar təşkil etdiyindən, reinteqrasiyanın ardından ÜDM istehsalının ümumi həcmi 0,8 faiz artacaq.
Amma reinteqrasiya Azərbaycan dövlət büdcəsinin yükünü də artıracaq. Belə ki, Qarabağda yaranan xərcləri ödəmək üçün büdcədən əlavə vəsaitlər ayrılmalıdır. RBK yazır ki, 2022-ci ildə bu xərcləri ödəmək üçün Ermənistan dövlət büdcəsindən 404 milyon dollar (687 milyon manat) həcmində subsidiya ayırıb. Yerli gəlirlər hesabına isə xərclərin yalnız 55 milyon dollarlıq (93,5 milyon manat) hissəsi ödənilib.
Vasif