Misir Rusiya buğdasını almaqdan İMTİNA ETDİ - SƏBƏB
Rusiya buğdasının əsas alıcılarından olan Misir qiymətlərlə razılaşmadığı üçün rus buğdasının idxalını dayandırıb.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Bloomberg” qeyri-rəsmi mənbələrə istinadən yayıb.
Misir idxalından imtina etdiyi həcmləri Fransa və Bolqarıstandan alacaq.
Sentyabrın əvvəlində Misirin təchizat naziri Əli Əl-Mosilhi bildirmişdi ki, Qahirə birbaşa danışıqlar zamanı 480 min ton Rusiya buğdasını almağa razılaşıb. Şifahi razılaşmaya əsasən daşıma xərcləri ilə birgə buğdanın bir tonu Misirə 270 dollara satılacaqdı. Amma bir neçə gün sonra Misir daha aşağı qiymətə buğda tapdığından idxaldan imtina edib.
Rusiyanın qiymətləri artırmasına səbəb Taxıl Sazişinin dayandırılmasıdır. Qiymətlərin artırılması alıcılar üçün əlavə xərclər yaradıb.
Bu ilin avqustunda Misir Rusiya buğdasının ən böyük alıcısı olub. Ərəblər Rusiyadan bir ayda 910 min ton buğda alıb. Buna baxmayaraq, ötən ilin avqust ayı ilə müqayisədə bu il Misir Rusiyadan buğda idxalını 35% azaldıb. İdxalın azaldılmasına qiymətlərin artırılması təsir göstərib.
Rusiya ən böyük taxıl ixracatçısı kimi mövqeyindən sui-istifadə edir. İlin əvvəlindən Rusiya taxıl ixracını artırıb və bununla əlaqədar olaraq qiymətlər xeyli düşmüşdü. Amma Taxıl Sazişinin dayandırılmasından sonra Rusiya minimum qiyməti artırıb. İndi Rusiya ixrac etdiyi buğdanın hər tonuna görə minimum qiymət müəyyənləşdirib. Bu, bəzi bağlanmış əqdlərə yenidən baxmağa və ya hətta ləğv etməyə məcbur edir. İyunda, yəni Taxıl Sazişi qüvvədən düşənə qədər minimum qiymət 240-275 dollar aralığında idi. İyulun ortalarında Rusiya taxıl sazişindən çıxdıqdan sonra qiymətlər artıb.
Vasif