Medvedevin bu paylaşımı Ermənistanda “soyuq duş” effekti yaradıb
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son açıqlaması Ermənistanda “soyuq duş” effekti yaradıb.
Sfera.az bildirir ki, Medvedev “Telegram” kanalında yayımladığı bəyanatda Ermənistanın Baş naziri Paşinyanı hədəfə alıb. O, Azərbaycanın Qarabağda başlatdığı anti-terror əməliyyatlarında Ermənistana dəstək verməyəcəklərinə işarə edib.
“Bir dəfə qardaş ölkədən bir həmkarım mənə dedi ki, sənə yad adamam, məni qəbul edərsən? Mən qarşılığında lazım olanı dedim: Biz tərcümeyi-halla yox, hərəkətlərə görə mühakimə edirik. Sonra o, döyüşü uduzdu, amma qəribə bir şəkildə öz yerində qaldı. Digər tərəfdən, məğlubiyyətinə görə Rusiyanı günahlandırmaq qərarına gəldi, ölkəsinin bəzi ərazilərindən imtina etdi. NATO ilə yaxınlaşmaq qərarı verdi. Görək, onu necə aqibət gözləyir...”, deyə Medvedev sosial şəbəkə hesabında yazıb.
Bu sözlər isə Paşinyanla Moskva arasında bütün körpülərin dağıdılması kimi şərh edilib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkəsinin təhlükəsizlik baxımından Rusiyadan asılılığını “strateji səhv” kimi qiymətləndirmişdi.
Günay