“Rusiya tank, zirehli texnika və mərmi istehsalını xeyli artırıb” - Ozdoyev
Ukrayna ilə aparılan müharibə Rusiyada silah istehsalının bir neçə dəfə artmasına səbəb olub.
Sfera.az xəbər verir ki, bununla bağlı açıqlamanı jurnalistlərə Rusiyanın ən böyük müdafiə sənayesi şirkəti olan “Rostex”in Silah, Sursat və Xüsusi Kimya Sənayesi direktoru Bekxan Ozdoyev açıqlayıb.
O deyib ki, müxtəlif silah növlərinin istehsal miqdarı 2-10 dəfə, bəzi silah növlərinin istehsalı isə hətta on dəfələrlə artıb. Ozdoyevin sözlərinə görə, Ukrayna müharibəsi Rusiya müdafiə məhsullarının istehsalında partlayışa səbəb olub.
Şirkət rəsmisi iddia edib ki, Rusiya müdafiə sənayesi çox yaxşı vəziyyətdədir və bütün istehsal müəssisələrində “bacalar tüstülənir”:
“Şirkətlər dövlət müdafiə sifarişlərini yerinə yetirərək gecə-gündüz çalışır. Tank, yüngül zirehli maşın, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və optik avadanlıqların istehsalı kəskin şəkildə artıb. Xüsusən “Kindjal”, “İskəndər” və “Pantsir” üçün raket, eyni zamanda digər partlayıcılar, top və tank mərmisi kimi əsas məhsulların istehsalı xeyli artıb”.
Vasif