Bu hallarda polisə müraciət edin, 40 manat cəriməsi var - Vətəndaşların NƏZƏRİNƏ!
Yağışlı havalarda piyadaların üstünə palçıqlı su sıçradan sürücülərin İnzibati Xətalar Məcəlləsinə görə, 40 manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdu. Vətəndaşların əksəriyyəti isə bu halın qayda pozuntusu olduğundan bixəbərdirlər.
Bəs bu hallar necə müəyyən edilir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, əksər sürücünün fikri yolda olmur:
“Bu, payız, qış və yaz aylarında aktual olan bir mövzudur. Yollarımızın vəziyyəti istər-istəməz gölməçələrin yaranmasına səbəb olur. Gölməçələr də varsa, sözsüz, nəqliyyat vasitələrinin sürücüləri ehtiyyatlı olmalıdırlar. Əgər olmasalar, piyadaların və ya digər obyektlərin üzərinə su sırçatma hadisələri baş verə bilir. Burada əsas mövzu sürücülərin daxili mədəniyyətinin formalaşmasıdır. İstənilən halda, sürücü çox gözəl bilir ki, sürət həddini aşsa, gölməçəyə müəyyən sürətlə daxil olsa, piyadanın üstünə su sıçrayacaq. Əgər sürücünün fikri yolda olsa, diqqət etsə, belə hallar da yaşanmaz. Təəssüf ki, çox vaxt sürücülərin fikri yolda olmur”.
Ekspert qeyd edib ki, sürücülər bu halların qayda pozuntusu olduğunu bilməlidirlər:
“Əksər sürücü bu davranışın qayda pozuntusu olduğunu bilmir. Qeyd edim ki, bu xətanı törədən şəxsi 40 manat cərimə gözləyir. Təbii ki, öncə bu hadisə sübut olunmalıdır.
Yol Patrul Xidmətinin əməkdaşlarının da bu kimi halları aşkarlaması çətin deyil. Onlar ən azından xidmət zamanı baş verən belə hadisələri görə bilirlər.
Belə hallar yaşanarsa, vətəndaşlar aidiyyatı üzrə qurumlara müraciət edə bilərlər. Beləliklə, məsələ araşdırılacaqdır. Görüntülərin üzə çıxarılması və ya müxtəlif yanaşmalarla həmin sürücülər aşkarlana və barələrində qarşı tədbir görülə bilər”.
Firuzə Əliyeva