35-45 yaş arası kişilər niyə daha çox ürək xəstəliklərindən ölür? - SƏBƏBLƏR
"Dövrün mövcud qlobal problemlərindən biri ürək, qan-damar xəstəlikləri və bu səbəbdən ölüm saylarının artmasıdır. Statistika da göstərir ki, 35-45 yaşlarda Azərbaycanda kişilər arasında ürək, qan-damar xəstəliklərinə rast gəlinmə tezliyi artıb".
Bunu Sfera.az-a açıqlamasında kardioloq Arzu Bəydəmirova deyib. Kardioloq bu xəstəliyin yaranma səbəblərindən danışıb:
"Müəyyən yaş dövründən sonra qadın və kişi orqanizmində hormonal spektrdə gedən balansla əlaqədar dəyişikliklər baş verir ki, bunun nəticəsində də belə xəstəliklər yarana bilir. Kişilərdə kişi hormonlarının çatışmazlığı, qanda laxtalanmanın aktiv getməsi, arterial təzyiqin müalicəyə cavab verməməsi, onların dərman preparatlarından geniş şəkildə istifadə etməsi bu xəstəliklərin artmasına gətirib çıxarır".
Mütəxəssis kişilərdə və qadınlarda ürək xəstəliklərinin fərqli səbəblərlə yarandığını qeyd edib:
"35-45 yaş aralığındakı kişilərdə endokrin hormonal disbalans başlayır. Amma qadınlarda bu dövr estrogen cinsi hormonların kəmliyi vaxtına, yəni 55 yaş və ondan sonrakı dövrə təsadüf edir. Odur ki, 45 yaşında kişi ürək ağrısından şikayətlənirsə, onun üçün daha çox təlaşlanmaq lazımdır, nəinki 45 yaşındakı qadın üçün. Bu, qadında isterik ola bilər, əsəb gərginliyindən yarana bilər. Kişilərdə problem daha ciddi olsa da, onlar buna laqeyd yanaşırlar.Təkmillləşmiş həkim yardımına qədər xəstə özünə yardım etməyi bacarmalıdır. Məsələn, biz ürək xəstəliklərindən əziyyət çəkən xəstələrimizə daima yanlarında müəyyən dərman preparatlarının olmasını tövsiyə edirik".
Əzizə Zeynal