Bilgəliyə addımlayanlar... - Bakıdakı "Bilik Günü"ndən FOTOREPORTAJ
Bu gün orta və ali təhsil müəssisələrində yeni tədris ilinə start verilib. 15 sentyabr müəllimlər, şagirdlər, tələbələr və təlim-tədris sahəsində çalışan hər kəs üçün bayramdır.
Hər yeni tədris ilində olduğu kimi, bu tədris ilində də ön sırada dayananlar elə məktəbə ilk qədəmlərini qoyan birincilərdir. Valideynlərin gözündə sevinc, körpələrin gözündə isə həyəcan...
Onlar arasında əllərində çiçək dəstəsi ilə parta arxasında əyləşməyə tələsən də var, qəmgin dayanıb ağlayan da…
Sfera.az-ın əməkdaşları “Bilik günü”ndə şəhid Abdulla Rəhimov adına 247№-li tam orta məktəbdə olub.
İlk dərs gününə həsr olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, məktəb rəhbərliyi, valideyn və şagirdlər iştirak ediblər.Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Sitarə Abbasova şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. S.Abbasova yeni dərs ilində təhsil müəssisəsinin qarşıya qoyduğu məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı nailiyyətlərindən bəhs edib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb:
“Təhsilli cəmiyyət həmişə xoşbəxtdir. İlk növbədə onu qeyd edim ki, paytaxtda 318 məktəbdə dərs başlayır. Təxminən 41 mini birinci sinif olmaqla 481 mindən çox şagird bu gün məktəbə gedir. Biz onlara xoşbəxt gələcək arzu edirik. Bu gün biz həqiqətən də qürur və sevinc hissi keçiririk. Çünki zəfər tarixindən böyük qayıdışa doğru yol gedirik. Bu yolda işğaldan azad olunmuş ərazilərdə tikilən məktəblərdə zəng sədalarının səslənməsi bizi çox sevindirir. Arzu edirik ki, səmamız aydın olsun. Hər zaman o yerlərdən uşaq gülüşlərinin səsi gəlsin. Heç zaman güllə səsi eşitməyək. Ötən tədris ilində orta məktəbi bitirib ali təhsil müəssiələrinə qəbul olunan abituriyentləri də təbrik edirik. Onlar da yeni həyata qədəm qoyurlar. Yeni tədris ilində hədəflərimiz böyükdür. İlk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub. Bu mövzunun rəmzi bir mənası var. Hər bir uşaq vətənpərvər, dövlətçilik ruhunda Azərbaycan vətəndaşı kimi yetişməlidir. Hər bir kəsə uğurlu təhsil ili arzulayıram”.
Çıxış edənlər ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb.Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Sonda ilk zəng çalınıb.
Əməkdaşlarımız tədbir zamanı müəllim və şagirdlərin hisslərini öyrənməyi də unutmayıb.
İbtidai sinif müəlliməsi Naidə İbrahimova yeni tədris ili üçün böyük hədəfləri olduğunu söyləyib:
“Bu il dördüncü siniflərə dərs deyəcəyəm. Düşünürəm ki, qoyduğumuz məqsədlərə çatmağa çalışacayıq. Mümkün qədər yeni tədris ilinə şagirdlərlə pozitiv və xoş əhval-ruhiyyə ilə başayacağıq. Sonda təlim nəticələrimizlə öz töhfəmizi verməyi hədəfləyirik”.
"1 c" sinfinin şagirdi Quluzadə Liyanın valideyni Gülüstan Quliyeva da bütün məktəbliləri təbrik edib:
“Övladım məktəbə böyük həvəslə hazırlaşıb. Gələcəkdə həkim peşəsinə yiyələnmək istəyir. İnanıram ki. XI sinfə qədər belə davam edər. Oğlum da bu il III sinfə başlayır. Övladlarım da daxil olmaqla bütün məktəbliləri təbrik edirəm. Onlara məktəb yolunda uğurlar arzulayıram”.
Balaca müsahimiz Nurayın isə bu gün məktəbdə ilk günüdür:
“Böyüyəndə həkim olmaq istəyirəm. Bu evdəkilərin yox, öz istəyimdir. Bunun üçün dərslərimi çox yaxşı oxuyacağam”.
Hərbi hazırlıq müəllimi Zülfüqar Mehdiyev:
“Bu məktəbdə 10 ildir ki, dərs deyirəm. Bu, mənim üçün çox qürurvericidir. Çünki bu məktəb bizim evimiz, əməkdaşları ailəmizdir, şagirdləri isə övladımızdır. Şagirdlərimizi çox sevirik, onların yaxşı yerlərdə təhsil almalarını səbirsizliklə gözləyirik. Yolları daim açıq olsun. Hər birini bir daha təbrik edirəm”.
Qeyd edək ki, 2023/2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.Eyni zamanda, 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 114 484 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək.
Firuzə Əliyeva
Fotolar: Anar Bayramlı