Azərbaycanlılar Türkiyədən mənzil alışını AZALDIBLAR - STATİSTİKA
Türkiyə Statistika Təşkilatının 2023-cü ilin avqust ayına dair açıqladığı məlumata görə, əcnəbilərin ölkədə aldığı mənzillərin sayı 42 faiz azalıb.
Sfera.az xatırladır ki, ötən ilin avqustunda əcnəbilər 5 340 ədəd mənzil aldığı halda, bu ilin avqustunda alınan mənzillərin sayı 3 078-ə düşüb.
Alınan mənzillərin sayında azalma əksər ölkələr üzrə müşahidə edilib.
Ötən il olduğu kimi bu ildə də Türkiyədən ən çox mənzili Rusiya vətəndaşları alıb. 2022-ci ilin avqustunda 1 238 ədəd mənzil alan rusiyalılar bu il sayı 733-ə endiriblər.
Alınan mənzillərin sayı iranlılarda 633-dən 342-yə, iraqlılarda 417-dən 220-yə, almaniyalılarda 256-dan 103-ə düşüb.
Azərbaycanlıların da aldığı mənzillərin sayı xeyli azalıb. Ötən ilin avqustunda 106 mənzil alan həmvətənlərimiz bu ilin eyni ayında 75 mənzil alıblar.
Türkiyədən mənzil alışının azalması qiymətlərin kəskin artması ilə bağlıdır. Hazırda Türkiyədə mənzillərin dəyəri çox yüksəkdir.
Vasif