"Paşinyanın fərqli bəyanatları onu göstərir ki..." - Millət vəkilindən AÇIQLAMA
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin tezliklə açılmasına dair bəyanatına münasibət bildirərkən deyib ki, Ermənistan bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.O, Zəngəzur dəhlizinin açılmasına dair fikirlərə münasibətdə İrəvanın günü sabah regional kommunikasiyaları işə salmağa hazır olduğunu bildirib.
Maraqlıdır, Paşinyanın bu açıqlaması reallığa nə qədər yaxındır? Bu açıqlama və Ermənistanın son zamanlar həyata keçirdiyi siyasət arasındakı ziddiyət nədən xəbər verir?
Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Cavid Osmanov Nikol Paşinyanın bu şəkildə açıqlama verməsinin arxasında xüsusi məqsədlərin dayandığını deyib.
Parlamentari Ermənistanın müxtəlif sferalarda təxribatla məşğul olduğunu diqqətə çatdırıb:
“Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində öz tarixinin ən parlaq qələbəsini qazanaraq Ermənistanın 30 illik işğalına son qoydu və torpaqlarımızı işğaldan azad etdi. Eyni zamanda 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin imzasıyla təsdiqlənmiş üçtərəfli bəyanat imzalandı. Əlbəttə ki, bu sənədə uyğun olaraq da Ermənistanın üzərinə bir sıra öhdəliklər qoyulmuş oldu. Bu, eyni zamanda Ermənistanın kapitulyasiya aktı da sayılır. Ermənistan bu günə kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Həmin sənəddəki maddələrin birində bütün kommunikasiyaların açılması qeyd olunurdu. Amma bu üç il ərzində biz görürük ki, Ermənistan bəhanələr gətirərək, kommunikasiyaların açılması, xüsusən də Zəngəzur dəhlizinin açılmasına süni əngəllər, maneələr törətməkdədir.
Bir neçə gün bundan əvvəl Ermənistanın Baş naziri tamamilə fərqli bir bəyanatla çıxış etdi. Paşinyanın növbəti dəfə, guya ki, Zəngəzur dəhlizinin açılmasına günü sabaha hazır olduğunu bəyan etməsi, bir daha onu göstərir ki, Ermənistanın Baş naziri ciddi siyasətçi deyil, səhər bir axşam isə başqa bir bəyanat təqdim edir və eyni zamanda da belə açıqlamalar verməklə dünya ictimaiyyətini aldatmağa çalışır. Guya ki, Ermənistan həmin bölgədə sülhə çalışır, eyni zamanda da kommunikasiyanın açılmasının tərəfdarıdır.
Amma biz tam əksinə görürük ki, Azərbaycan qalib, regionun lider dövləti, dünyada durmadan nüfuzu artan ölkə olaraq, həm dünya ölkələri ilə əməkdaşlığa can atır, həm də bölgədə yeni bir səhifənin açılmasını təklif edir. Yeni reallıqlara uyğun addımların atılmasını təklif edir, həmin bölgədə uzunmüddətli sülhün, əmin-amanlığın tərəfdarıdır və bunun üçün də bütün səyləri ilə çalışır. Eyni zamanda, bunun daxili hissəsi olaraq kommunikasiyaların açılmasını həyata keçirmək niyyətindədir. Ermənistan bu illər ərzində, Vətən müharibəsindən sonrakı dövrdə müxtəlif istiqamətli təxribatlar törətməkdədir. Bura həm silahlı təxribatlar, həm informasiya təxribatı daxildir. Eyni zamanda ermənilər diplomatik müstəvidə təxribatlar törətməkdədirlər və bütün bunlar, əlbəttə ki, Ermənistanın iç üzünün göstəricisidir”.
Millət vəkili Ermənistan tərəfinin dəhlizin açılması üçün zəruri addımları atacağını qeyd edib:
“Zəngəzur dəhlizi reallığa çevriləcəkdir. Artıq bu, reallıqdır və Ermənistan məcbur olaraq bu addımı atacaqdır. Amma bu gün Ermənistanın Baş nazirinin belə bir açıqlaması bir daha deyirəm, onu göstərir ki, hər gün bir bəyanatla çıxış edən nazir yalnız və yalnız dünya ictimaiyyətini aldatmağa istiqamətlənmiş bəyanat verir. Zəngəzur dəhlizi artıq dünya siyasi leksikonuna daxil edilib və bunu da Azərbaycan tərəfi daxil edib. Bu baxımdan da Zəngəzur dəhlizinin açılması əlbəttə ki, reallıqdır və Azərbaycanın buna nail olmaq üçün qətiyyətli, dəmir, siyasi mövqeyi var və onun nəticəsi olaraq dəhlizin açılması həyata keçiriləcək”.
Əzizə Zeynal